Şənbə günü Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi tərəfindən ictimai təşkilat və fondların üzvlərinin, tanınmış din, ədəbiyyat və incəsənət xadimlərinin, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin diplomatlarının, buradakı türk və tatar toplumunun təmsilçilərinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin, ARDNŞ-ın Rumıniyadakı nümayəndəliyinin əməkdaşlarının, Rumıniyada təhsil alan tələbələrimizin iştirakı ilə tədbir keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Rumıniyadakı səfirliyində xəbər veriblər.
Tədbirdə "Azərbaycanın dünəni və bu günü" adlı fotosərgi və "Azərbaycan və Rumıniya - əbədi dostluq" adlı sənədli film iştirakçılara nümayiş etdirilmişdir. Filmdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünə məxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan iqtisadi nailiyyətlər, 1994-cü ildən bu günə kimi Azərbaycan və Rumıniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri, Buxarest şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Parkın və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təntənəli açılış mərasimləri öz əksini tapmışdır.
Bunlarla yanaşı qonaqlara rumın dilinə tərcümə olunub çap edilmiş "Heydər Əliyev zəmanəmizin Atatürkü", "Azərbaycanın qısa tarixi", "Kitabi Dədə Qorqud" səlnaməsi, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması və "Qəzəlləri", Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Çingiz Abdullayevin, Elçin İskəndarzadənin, Əli İldırımoğlunun əsərləri və s. ilə tanışlıq imkanı yaradılmışdır.
Rumıniyada rumın, ingilis və türk dillərində çap olunan "Balkani şi Europa", "Ultima ora", "Nine O`clock", "Diplomat Club", "Replika", "Hayat", "Zaman", "Anayurt", "Gürbətçi" və s. qəzetlərində tədbir ilə əlaqədar xəbərlər dərc olunmuş, TVR, OTV, DDTV və B1 televiziya kanallarında Respublika Günü münasibəti ilə ölkəmiz haqqında süjetlər efirə getmişdir.