Azərbaycan, Bakı, 22 iyun /Trend/
İmam Mehdi ilə bağlı filmin çəkilişinə kömək göstərdiyi üçün həbs olunmuş İranın "Vilayi Xətiblər" (moizəçilər) Asossiasiyasının rəhbəri Abbas Əmirifər azadlığa buraxılıb. Trend-in məlumatına görə, bu barədə hakim mühafizəkarlar düşərgəsinə bağlı /mashreghnews.ir/ və /tabnak.ir/ xəbər portalları məlumat yayıb.
Əmirifər may ayının əvvəlində həbs olunmuşdu.
Bir neçə ay əvvəl İranda "Qayıdış çox yaxındır" filmi yayımlanıb. Bu filmdə şiələrin 12-ci imam hesab etdikləri Mehdinin qayıdış əlamətləri əks olunub. Şiələrin inancına görə, İmam Mehdi (868-ci ildə doğulub) hazırda tanrının istəyi ilə gizli həyat yaşayır və bir zaman dünyanı ədalətlə təmin etmək üçün geri qayıdacaq.
Filmdə İranın dini lideri ayətullah Əli Xamneyi Seyyid Xurasaniyə, Prezident Mahmud Əhmədinejad isə Şüəyb ibn Salehə bənzədilib. Şiələrin inancına görə,bu iki şəxsiyyət İmam Mehdinin dünyanı zülmdən xilas etməsinə kömək göstərəcək.
İranda bir çox nüfuzlu din xadimləri, o cümlədən ayətullah Məkarim Şirazi bu filmin çəkilişinə və yayımlanmasına kəskin etiraz edib.
MEHR agentliyinin məlumatına görə, keçən ilin mayında İranın Prezident Administrasiytasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşai Əmirifəri Prezident Administrasiyasının Mədəniyyət Şurasının üzvu seçmişdi.
İranda hakimiyyətdə olan mühafizəkarlar düşərgəsinə bağlı olan bir çox KİV Məşainin İmam Mehdi ilə bağlı filmi maliyyələşdirdiyini iddia edirlər.
Məşai bununla bağlı hələlik fikir bildirməyib.