...

Türkiyənin xarici siyasəti uğursuzluğa məhkumdur - müxalifət lideri

Dünya xəbərləri Materials 7 Sentyabr 2011 17:05 (UTC +04:00)
ABŞ və NATO-nun yaratdığı raket hücumundan müdafiə sisteminin Türkiyə ərazisində yerləşdirilməsi və İsraillə münasibətlərin pozulması bir-birinə zidd hərəkətlərdir.
Türkiyənin xarici siyasəti uğursuzluğa məhkumdur - müxalifət lideri

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

ABŞ və NATO-nun yaratdığı raket hücumundan müdafiə sisteminin Türkiyə ərazisində yerləşdirilməsi və İsraillə münasibətlərin pozulması bir-birinə zidd hərəkətlərdir. Trend-in məlumatına görə, Türkiyənin müxalifətyönlü Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu belə hesab edir. Xəbəri "Milliyyət" qəzeti yazıb.

"Ankara raket hücumundan müdafiə sistemini Türkiyə ərazisində yerləşdirməklə İsrailin təhlükəsizliyini təmin edir", - o deyib.

Müxalifət liderinin sözlərinə görə, Türkiyənin xarici siyasəti uğursuzluğa məhkumdur, çünki Ankaranın regionun bütün ölkələri ilə problemləri var.

Kılıcdaroğlu hesab edir ki, BMT-nin "Azadlıq" donanması ilə bağlı məruzəsi Türkiyənin xarici siyasətinin uğursuzluğundan xəbər verir.

2010-cu ilin mayında BMT-nin "Azadlıq" donanması ilə bağlı Qəzza bölgəsi yaxınlığda yaranan insidenti araşdıran xüsusi komissiyası baş verənlərə görə məsuliyyəti İsrailin və qismən Türkiyənin üzərinə qoyub.

Bununla yanaşı, məruzədə deyilir ki, İsrailin həyata keçirdiyi "dəniz blokadası Qəzzaya dəniz yolu ilə silahların çatdırılmasının qarşısını almaq üçün qanuni təhlükəsizlik tədbiri kimi tətbiq edilib və onun həyata keçirilməsi beynəlxalq hüququn tələblərinə cavab verir".

Kılıcdaroğlunun fikrincə, Türkiyə İsrail-Fələstin münaqişəsinin həllində vasitəçi rolunu oynamalı, bu məsələdə hansısa konkret tərəfi tutmamalıdır.

Sentyabrın 2-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər ikinci dərəcəli səviyyəyə keçib. Bundan əlavə, Ankara Təl-Əvivlə hərbi əməkdaşlığı dayandırıb.

Nazir deyib ki, Ankara öz səfirini Təl-Əvivdən geri çağırıb. Davudoğlu onu da bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Təl-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq.

İsrailin Müdafiə Nazirliyinin İnformasiya-Analitika İdarəsinin rəhbəri Amos Gilad bəyan edib ki, İsrail-Türkiyə münasibətlərinin pisləşməsinə baxmayaraq, İsrailin hərbi attaşesi Türkiyəni tərk etməyəcək.

Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti