...

Türkiyəli nazir: "Erməni soyqırımı" olmayıb - bu, faktdır

Dünya xəbərləri Materials 7 Fevral 2012 12:07 (UTC +04:00)
Tarixdə "erməni soyqırımı" olmayıb - bu, tarixi araşdırmaların sübut edə biləcəyi faktdır. Bunu Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış deyib.
Türkiyəli nazir: "Erməni soyqırımı" olmayıb - bu, faktdır

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir A.Tağıyeva /

Tarixdə "erməni soyqırımı" olmayıb - bu, tarixi araşdırmaların sübut edə biləcəyi faktdır. Bunu Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış deyib. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı xəbər verib.

"Mən Sürixdə də dedim ki, "erməni soyqırımı" olmayıb və indi də öz sözümün arxasında dururam", - Baxış bildirib.

Dünən Türkiyə XİN İsveçrə prokurorluğunun türk naziri Davosdakı Ümumdünya İqtisadi Forumundan qayıdarkən Sürixdə Osmanlı İmperiyasında "erməni soyqırımı"nın olmadığını bəyan etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı təşəbbüsünü pisləyib.

Bu, Fransa Senatının "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini təsdiqləməsindən sonra baş verib. Buna oxşar qanun İsveçrədə də qüvvədədir.

Nazir onu da bildirib ki, hələ İsveçrə məhkəməsindən bu məsələ ilə bağlı xəbərdarlıq almayıb.

"Mən bu məsələ ilə bağlı öz fikrimi bildirdim və buna görə cinayət məsuliyyətinə cəlb edilmək söz azadlığı haqqında qanuna ziddir", - Baxış qeyd edib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti