...

Qazaxıstanın Aktau şəhərində 31 mart soyqırımının qurbanları yad edildi

Dünya xəbərləri Materials 1 Aprel 2012 18:01 (UTC +04:00)
Şənbə günü Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu və Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq milli-mədəni cəmiyyəti və Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə “31 mart – azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirmişlər.
Qazaxıstanın Aktau şəhərində 31 mart soyqırımının qurbanları yad edildi

Azərbaycan, Bakı, 1 aprel /Trend, E. Əliyev/

Şənbə günü Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu və Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq milli-mədəni cəmiyyəti və Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirmişlər.

Mərasimdə "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhər ictimaiyyətinin, digər diaspora təşkilatlarının və yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişlər.

Mərasim keçirilən zalda ermənilərin azərbaycanlılara qarşı soyqırımı əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Qarabağ həqiqətləri" və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilmişdir.

Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun konsulu Elxan Zeynalov tədbiri açaraq, XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırım hadisələri ilə bağlı məlumat verdi və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra törədilmiş bu cinayətlərin uzun illər boyu gizli saxlanılması siyasəti yeridildiyindən danışdı. E.Zeynalov bu qanlı hadisələrə yalnız 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş fərmanla siyasi-hüquqi qiymət verildiyini vurğulayaraq, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövləti soyqırım hadisələrinin bütün dünyada tanıdılması istiqamətində işlər aparıldığını bildirdi.

Zeynalov, hal-hazırda Qubada soyqırım qurbanlarının aşkar olunduğu kütləvi məzarlıqda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə xatirə kompleksinin yaradılması haqqında məlumat verərək, 1905-1907-ci və 1918-ci illərdə erməni daşnakları tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş qırğınlarla bağlı arxivlərdə olan materialların araşdırılması və həmin materialların tərcümə olunaraq beynəlxalq təşkilatlara və qurumlara göndərilməsi işinin aparıdığını qeyd etdi.

Daha sonra, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədri, professor Yusif Quliyev, azərbaycanlı tələbələr adından Azərbaycanlı gənclərin Beynəlxalq Forumu - ASAİF-in Qazaxıstan üzrə nümayəndəsi, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbəsi Əli Əliabbasov, diasporanın fəal üzvləri Vaqif Əliyev, Mirnazim Seyidov və digərləri çıxışlar edərək, ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində xaricdə yaşayan Azərbaycanın diaspora təşkilatlarının aktıvləşməsinin vacibliyini bildirdilər.

Tədbirin sonunda 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı sənədli film nümayiş etdirildi.

Xəbər lenti

Xəbər lenti