...

İran və "altılıq" ölkələrinin İstanbul görüşündən müsbət nəticə gözləmək olar – ekspert

Dünya xəbərləri Materials 11 Aprel 2012 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir T.Cəfərov/

İran və "altılıq" ölkələrinin aprelin 14-də İstanbulda keçiriləcək görüşündən müsbət nəticə gözləmək olar. Bu sözləri Qlazqo Universitetinin professoru, nüvə məsələləri üzrə ekspert Rza Təqizadə çərşənbə günü Trend-ə bildirib.

Təqizadə şənbə günü İstanbulda keçiriləcək görüşün 2011-ci ildə İstanbulda və 2010-cu ildə Cenevrədə keçirilən görüşlərlə müqayisədə daha müsbət nəticələnə biləcəyi qənaətindədir.

İran və "altılıq" ölkələri arasında müzakirələrin növbəti raundu aprelin 14-də İstanbulda keçiriləcək. Sonuncu dəfə İran və "5+1" ölkələrinin müzakirələri 14 ay əvvəl İstanbulda keçirilmişdi. Həmin müzakirələrdən sonra İranın Ali Təhlükəsizlik Şurasının baş katibi və müzakirə aparan nümayəndə heyətinin rəhbəri Səid Cəlili demişdi ki, Qərb ölkələri İranın nüvə proqramı ilə bağlı müzakirələrdə öz istəklərini İrana diktə etməyə səy göstərirlər.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton isə İranla yeni müzakirələr üçün planlarının olmadığını demişdi. Müzakirələrin uzun müddət dondurulduqdan sonra yenidən bu il aprelin 14-də İstanbulda keçiriləcəyi bildirildi. Lakin bir neçə gün sonra görüşün İstanbulda deyil, Bağdad və ya Beyrutda keçiriləcəyinə dair məlumatlar dərc olunsa da, sonda tərəflər danışıqların gedişindən asılı olaraq, müzakirələrə İstanbuldan başlayaraq ikinci turun Bağdadda keçirilməsinə dair razılıq əldə etdilər.

Təqizadənin fikirincə, budəfəki müzakirələrdə həm İran, həm də Qərb ölkələri, xüsusilə, ABŞ müzakirələrin müsbət nəticələnməsində maraqlıdır.

"İrana qarşı son vaxtlar təzyiqlər artıb, digər tərəfdən ABŞ-da noyabr ayında prezident seçkiləri keçiriləcək. Bu baxımdan hər iki tərəf ən azından 5-6 ay ərzində müzakirələrin müsbət ab-havada davam etdirilməsində maraqlıdır", - Təqizadə deyib.

Ekspert bildirib ki, İstanbulda keçiriləcək görüşdən bir o qədər də böyük nailiyyət gözlənilmir.

"İstanbuldakı görüşün müsbət nəticəsi kimi gələcəkdə müzakirələrin keçirilməsi və mövzusu haqqında razılıq əldə oluna bilər. Bu görüşdən o qədər də böyük nailiyyət gözlənilmir. Lakin KİV-lərin dəstəyi və təbliğat vasitəsi ilə həmin kiçik razılığı da böyük göstərmək mümkündür", - Təqizadə deyib.

Qeyd edək ki, ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edirlər. Tehran nüvə proqramının yalnız dinc xarakter daşıdığını bəyan edərək bütün ittihamları rədd edir. Bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramını dayandırmaq üçün altı qətmanə qəbul olunub, onlardan dördü İrana qarşı iqtisadi və siyasi sanksiyaları nəzərdə tutur, iki qətnamə isə xəbərdarlıq xarakteri daşıyır.

Bundan başqa, 2012-ci il yanvarın 23-də Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə mənbələrini kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqonun tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması barədə sənədi imzalayıblar. Sənəddə indiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.

İran Aİ-nin bu addımına cavab olaraq, artıq ötən həftədən etibarən bir sıra Avropa ölkələrinə, o cümlədən Böyük Britaniya, Fransa, Yunanistan və İspaniyaya neft ixracını dayandırıb. Bu gün isə Almaniyaya da neft ixracı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti