Azərbaycan, Bakı, 24 avqust / Trend /
Oslo Dairə məhkəməsi terrorizmdə və 77 nəfərin ölümündə günahlandırılan Anders Breyviki anlaqlı hesab edərək 21 il həbs cəzasına məhkum edib. Bu barədə Trend RİA Novosti-yə istinadən yazır.
Breyvik ötən il iyulun 22-də Norveç paytaxtının hökumət məhəlləsində partlayış törədib. Nəticədə 8 nəfər həlak olub. Daha sonra isə o, Norveç Fəhlə Partiyasının Utoyya adasındakı gənclər düşərgəsini atəşə tutub, burada 69 nəfər həyatını itirib.
Breyvik saxlandığı andan bir ildən artıq müddətdə qaldığı İla məhbəsində saxlanacaq.Burada təhlükəli cinayətkarın saxlanması üçün xüsusi şərait yaradılacaq.
Həbs müddəti başa çatanda Breyvik cəmiyyət üçün təhlükəli hesab edilərsə, məhkəmə cəzanın müddətini uzada bilər.