Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir T.Cəfərov/
İran Prezidenti Həsən Ruhani kabinetinin 12 naziri gələn həftə nümayəndələrin sorğu-sualına cavab vermək və hesabat üçün Parlamentə və parlament komissiyalarına çağırılıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Parlament nümayəndələrinin hökumət nümayəndələrini ardıcıl olaraq hesabat üçün Parlamentə çağırması İran Prezidenti Həsən Ruhaninin də qınağına səbəb olub. Belə ki, Ruhani dekabrın 31-də ilk dəfə olaraq həmkarlarının parlamentə ardıcıl çağrılmasını tənqid edərək bu məsələnin onların iş rejimini pozduğunu qeyd edib.
Məlumata əsasən, indiyədək Parlament Ruhani hökumətinin 4 nazirinə ciddi xəbərdarlıq edib. Belə ki, İranın iqtisadiyyat naziri Əli Təyyibniya və Elm naziri Rza Fərəcidana parlamentdən ciddi xəbərdarlıq alıblar. İran qanunlarına görə, bir nazir parlamentdən üç dəfə xəbərdarlıq alarsa onda həmin nazir tutduğu vəzifədən uzaqlaşdırılması üçün nümayəndələr yenidən səsvermə keçirməlidir.
Məlumata əsasən, İranın daxili işlər, təhlükəsizlik, energetika, iş, elm və təhsil, sənaye və mədənlər, kənd təsərrüfatı, iqtsadiyyat,rabitə nazirləri və daha bir neçə nazir Parlamentdə hesabat verməlidir.
Ötən üç ay ərzində Ruhani hökumətinin nazirləri 277 dəfə nümayəndələr tərəfindən sorğu-sual olunub.
İran saytlarının məlumatına görə, Ruhani hökumətindən tənqidlər əsasən Üsulgəra cinahından olan nümayəndələr tərəfindən və əsasən İslam İnqilabı Sabitlik Cəbhəsi və Əhmədinejad hökumətinin tərəfdarları tərəfindən siyasi məqsədlərlə irəli sürülür.