Gürcüstan, Tbilisi, 5 mart /Trend, müxbir N.Kirsxaliya/
Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstandakı yolların bəzi hissələrində məhdudiyyətlər tətbiq olunub və nəqliyyat vasitələrinin hərəkətinə yalnız xüsusi zəncirlər olduğu halda icazə verilir.
Ölkənin Avtomobil Yolları Departamentindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qar və buz bağlaması səbəbindən Mtsxeta-Stepantsmind-Lars avtomobil magistralının Qudairi-Kobi hissəsində iki və daha artıq oxu aparıcı olan maşınların hərəkəti sərbəstdir. Yerdə qalan avtomobillərin hərəkətinə isə yalnız xüsusi zəncirlər olduğu halda icazə verilir.
Yolun Qudairi-Kobi hissəsində hərəkət qar uçqunundan mühafizə tuneli vasitəsilə həyata keçirilir. Tunellərdə qoşqu və yarımqoşquların, eləcə də 30-dan artıq sərnişin üçün hesablanmış avtobusların hərəkəti birtətəflidir. Həmçinin nəqliyyat vasitələrinin tunellərdə dayanması qadağan edilib.
Hərəkət rejimini patrul polisi tənzimləyir.