...

İranda it gəzdirənlərə şallaq vurulacaq?

Dünya xəbərləri Materials 5 Noyabr 2014 15:29 (UTC +04:00)
İran parlamentinin 39 nümayəndəsi it və meymun kimi heyvanların küçədə və ictimai yerlərdə gəzdirilməsini və evdə saxlanılmasını qadağan edən qanun layihəsi hazırlayıb.
İranda it gəzdirənlərə şallaq vurulacaq?

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran parlamentinin 39 nümayəndəsi it və meymun kimi heyvanların küçədə və ictimai yerlərdə gəzdirilməsini və evdə saxlanılmasını qadağan edən qanun layihəsi hazırlayıb.

Trend-in İranın "Tabnak" xəbər saytına istinadən verdiyi məlumata görə, əgər bu qanun layihəsi təsdiqlənərsə, küçədə və ictimai yerlərdə evində it və meymun saxlayan, bu heyvanların alış-verişini edən və ya gəzdirən şəxsləri 74 zərbə şallaq cəzası və ya 300 dollardan 3000 dollaradək cərimə gözləyir.

Layihədə "it gəzdirmək və it oynatmaq" mədəniyyətini yayımlayan KİV-lər haqqında da cəzalar sərtləşdirilib. Belə ki, həmin KİV-lərin nümayəndələrini də 74 zərbə şallaq və 3 aydan 6 ayadək həbs cəzası gözləyir.

Qanun layihəsində bildirilir: "Hər kəs İslam mədəniyyətinə zidd olan, insanların, xüsusilə uşaq və qadınların sağlamlıq və dincliyinə ziyanlı olan it və meymun kimi heyvanları ictimai yerlərdə gəzdirər və oynadarsa və ya onların alqı-satqısını həyata keçirərsə, evində saxlayarsa, polisin xəbərdarlığına etinasız yanaşarsa, 300-dən 3000 dollaradək cəirmələnir, yaxud 74 zərbə şallaq cəzası alır və qeyd olunan heyvan müsadirə olunur".

Layihəyə əsasən, müsadirə olunan heyvanlar "zoopark, meşə və ya səhraya" köçürülür və köçürülmə olana qədər bütün saxlama xərclərini heyvan sahibi ödəyir.

Qanun layihəsi təsdiqlənərsə, ölkənin Səhiyyə Nazirliyi insan sağlamlığına ziyan olan heyvanların siyahısını açıqlayacaq.

Layihədə peşə fəaliyyətinə görə itlərdən istifadə edən polis, əkinçilər, bağ sahibləri, çobanlar və ovçular istisna olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti