Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin sabiq DİN rəhbəri İdris Naim Şahin yeni siyasi partiya qurur. Bu barədə Trend Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, yeni qurulacaq partiyanın adı "Dəyərlər Hərəkatı" olacaq.
Naim Şahin keçən ilin dekabrında Türkiyədə baş verən korrupsiya qalmaqalından sonra hakim partiyadan ayrılıb.
O vaxt Baş nazir olan indiki Prezident Rəcəb Tayyib Ərdoğan Naim Şahinin hakim partiyadan ayrılmasına münasibət bildirərək, partiyanın fitnəkar ünsürlərdən təmizləndiyini demişdi.
Məlumatda o da qeyd olunur ki, bu gün partiyanın təsis edilməsi rəsmən elan olunacaq.
Bildirək ki, hazırda Türkiyədə 75 siyasi partiya var. Bu partiyalardan yalnız dördü - Ədalət və İnkişaf (AKP), Xalqların Demokratik Partiyası (HDP) ,Milliyyətçi Hərəkat (MHP) və Cümhuriyyət Xalq (CHP) partiyaları ölkə parlamentində təmsil olunurlar.