Azərbaycan, Bakı, 20 avqust /Trend/
ABŞ Türkiyə də daxil olmaqla NATO müttəfiqlərinin ballistik raketlərdən müdafiəsi üçün Aralıq dənizinə "İcis" (Aegis) raket hücumundan müdafiə sisteminin quraşdırıldığı əlavə gəmi göndərəcək. Trend bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.
Amerika Hərbi Dəniz Donanmasının nümayəndəsi Pamela Rou agentliyə bildirib ki, gəmi payızda yerləşdiriləcək və beləliklə Aralıq dənizində "İcis" sistemli gəmilərin sayı dördə çatacaq: "Bu dörd gəminin yerləşdirilməsi "Avropa mərhələli adaptasiya yanaşması"nın (EPAA) bir hissəsidir. "İcis" sistemi ilə təchiz olunan gəmilər və yerüstü obyektlər Avropanı Yaxın Şərqdə yaranan raket təhlükələrindən müdafiə etmək üçün nəzərdə tutulub".