Bakı. Təmkin Cəfərov - Trend:
Çinin 20 şirkəti İranın Qərbi Azərbaycan əyalətində yerləşən "Səlmas" xüsusi iqtisadi zonasına 150 milyon dollar sərmayə yatırır. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Qərbi Azərbaycan əyalətinin Sərmayələrin yatırılması təşkilatının direktoru Məhəmməd Musazadə deyib.
M.Musazadə bildirib ki, bu şirkətlərlə tam razılıq əldə olunub və şirkətlər 3 mərhələdə "Səlmas" iqtisadi zonasına investisiya yatıracaq: "Xarici və daxili investorların "Səlmas" xüsusi iqtisadi zonasına sərmayə qoyması üçün əlverişli şərait var. Burada Çin şirkətlərindən başqa, həm Almaniya və Britaniyada yaşayan iranlılar da sərmayə yatırır".
O deyib ki, Çin şirkətləri birinci mərhələdə zonaya 2016-cı ilin yanvar ayından sərmayə yatırmağa başlayacaqlar. "Sərmayələr, əsasən, tekstil, informasiya texnologiyaları, mədən avadanlıqları istehsalı, yüngül və ağır nəqliyyat vasitələri istehsalı, Urmiya gölündəki duzdan kimyəvi gübrənin istehsalı və tikinti materiallarının istehsalı sahələrinə qoyulacaq".
"Səlmas" xüsusi iqtisadi zonasında birinci mərhələ çərçivəsində 187 hektar ərazidə istehsal müəssisələri fəaliyyətə başlyacaq. Bu zona Təbriz və Urmiya hava limanına, Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına yaxın ərazidə yerləşir.