Bakı. Trend:
Yaponiyada Hirosima şəhərinin atom bombası zərbəsindən əvvəlki görüntüsünü əks etdirən mobil əlavə hazırlanacaq.
Trend-in məlumatına görə, mobil əlavə vasitəsilə şəhər ərazisində virtual gəzinti həyata keçirmək mümkün olacaq.
Proqramda Hirosimanın müxtəlif yerləri atom bombası atılmamışdan əvvəl və zərbədən sonra müqayisəli şəkildə göstəriləcək.
Hirosima şəhər rəhbərliyinin hazırladığı mobil əlavə bu hadisənin ildönümündə - avqustun 6-sı işə salınacaq.
Xatırladaq ki, İkinci Dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə ABŞ Silahlı Qüvvələri tərəfindən Hirosima və Naqasaki şəhərlərinə atom bombası atılmışdı. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir.