Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində daha 1 757 nəfər koronavirusa (COVID-19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, bununla da İranda virusa yoluxanların sayı 118 392 nəfərə yüksəlib. Onlardan 2 716 nəfərin vəziyyəti ağırdır.
Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 35 nəfərin ölməsi ilə İranda bu virusdan ölənlərin sayı 6 937 nəfərə çatıb.
Nazirlik rəsmisi İranda indiyədək 93 147 nəfərin koronavirusdan sağaldığını deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 672 mindən çox test həyata keçirilib.