Bakı. Trend:
2023-cü il başlayandan ABŞ-da artıq 40 kütləvi atışma hadisəsi baş verib.
Trend-in məlumatına görə, bu barədə "Gun Violence Archive" tədqiqat təşkilatı Tvitter hesabında bildirib.
"2023-cü ilin 25 günü ərzində 18 müxtəlif ştatda 40 kütləvi atışma hadisəsi qeydə alınıb <...>, bu, 2014-cü ildən bugünədək ən yüksək göstəricidir", - təşkilat bildirib.
Yanvarın 24-də ABŞ-nin Yakima şəhərində (Vaşinqton ştatı) üç nəfər həlak olub. Yanvarın 22-də Monterey şəhərində (Kaliforniya ştatı) 11 nəfər odlu silahın istifadəsi ilə zorakılıq qurbanı olub.
"Gun Violence Archive"in məlumatlarına əsasən, 2022-ci ildə ABŞ-da atışma insidentləri 43,6 mindən çox insanın həyatına son qoyub. 37,9 mindən çox insan, o cümlədən 4,4 min uşaq ötən il yaralanıb. 1,6 mindən çox uşaq həlak olub.
"Gun Violence Archive" təşkilatının əsası 2013-cü ildə qoyulub. Təşkilat hər il təqribən 7,5 min mənbədən əldə etdiyi məlumatlar əsasında odlu silahın istifadə olunduğu insidentlər üzrə statistik məlumatları dərc edir.