Bakı. Trend:
Pakistanın baş naziri Şahbaz Şərifin göstərişi ilə mərkəzi Kahramanmaraş olan 10 əyalətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə zərər çəkənlərə yardım fondu yaradılıb.
Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Qeyd edilib ki, bu çətin dövrdə Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək etmək üçün Baş nazir Şərif “Baş nazirlik Yardım Fondu”nun yaradılmasına qərar verib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.
Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.