Bakı. Trend:
Böyük Britaniyanın Tənzimləyici Qurumu olan OFCOM (Office of Communications) telekommunikasiya şirkətlərinin xidmətləri orta hesabla 14% artırmaq planları ilə əlaqədar yoxlamalara başlayıb.
Trend-in məlumatına görə, bu barədə Financial Times xəbər verir.
Qəzetin yazdığına görə, adətən tariflər artırıldıqda operator ötənilki inflyasiyaya əsaslanır və bu göstəriciyə təqribən 3,9% əlavə edirlər (bu əlavə konkret xidmət təminatçısından asılıdır). Rəsmi məlumatlara əsasən, 2022-ci ildə Böyük Britaniyada qiymət artımının səviyyəsi 10,5% təşkil etdiyindən tariflər 14%-dən çox artırılacaq
Bu cür qeyri-şəffaf sxem ekspertlər tərəfindən tənqid obyektinə çevrilib. Tənzimləyici qurum hər şeydən öncə "operatorlar müştərilərə kifayət qədər məlumat vermədiyinə" görə narahatdır.
"Telekommunikasiya şirkətlərinə nəzarətlə bağlı daha ciddi tədbirlərə ehtiyac olub-olmadığını yoxlayacağıq" - Ofcom-un istehlakçı hüquqlarının müdafiəsi üzrə direktoru Kristina Luna-Esteban deyib.
Tənzimləyici qurumun ilkin araşdırması mobil və genişzolaqlı əlaqə xidmətlərindən istifadə edən britaniyalıların üçdə birinin tariflərin hansı müddətdə və məbləğdə artırılacağına dair məlumat almadığını göstərib.