Bakı. Trend:
Pakistanla Türkiyə KAAN layihəsinə dair əməkdaşlıq protokolu imzalayacaq.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, müdafiə sənayesində dünya brendinə çevrilən Türkiyə mükəmməl texnologiyası ilə Milli Döyüş Təyyarəsi KAAN-ı anqardan çıxarıb.
5-ci nəsil texnologiyaya sahib olan KAAN, TUSAŞ istehsalı olan ANKA-3 PUA və yüksək sürətli hədəf təyyarəsi SUPER ŞİMŞEK ilə döyüş doktrinasını dəyişəcək. Qol uçuşu həyata keçirəcək “mükəmməl üçlük” düşmənin hava hücumundan müdafiə sistemini yaracaq.
Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi Pakistanın Türkiyənin milli döyüş təyyarələri proqramında iştirakı istiqamətində addımlar atdığını bildirib.
"Bu ay Pakistanı rəsmi olaraq milli döyüş təyyarəmizlə (KAAN) bağlı proqrama daxil etmək üçün pakistanlı həmkarlarımızla görüşəcəyik. Hazırda inkişaf proqramına artıq 200 məmur cəlb olunub”,- deyə Sami qeyd edib.
Qeyd edək ki, T0 adlanan milli döyüş təyyarəsi KAAN-ın ilkin şərtləri 2018-ci ildə yerinə yetirilib. Faza-1 çərçivəsində KAAN-ın ilkin dizayn işləri 2018-2022-ci illər arasında həyata keçirilib. Faza-2 çərçivəsində 2022-2029-cu illərdə MMU KAAN-ın təfərrüatlı layihələndirilməsi və kvalifikasiya fəaliyyətləri həyata keçiriləcək.
KAAN-ın 2026-cı ilə qədər üç prototipinin istehsalı planlaşdırılır.
Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək Blok-10 konfiqurasiyasının 2029-cu ilə qədər hazırlanması gözlənilir. Faza-2 çərçivəsində istehsal olunacaq 10 ədəd TF-X Blok-1 döyüş təyyarəsi 2030-2033-cü illər arasında Türkiyə hərbi hava qüvvələrinə təhvil veriləcək. Lakin Türkiyə hərbi hava qüvvələrinin elan etdiyi bu tarix TUSAŞ tərəfindən 2028-ci il olaraq nəzərdə tutulub.
Xatırladaq ki, 27 iyul 2023-cü il tarixində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Turkish Aerospase” (TUSAŞ) şirkəti arasında “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə tərəfindən isə TUSAŞ-ın baş meneceri Temel Kotil və Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün imzalayıblar.
Protokola əsasən, Azərbaycan və Türkiyə milli döyüş təyyarələrinin istehsalı çərçivəsində mühəndislərin yetişdirilməsi nəzərdə tutulur.