Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı ilə iqtisadiyyatın inteqrasiyası sahəsində ciddi addımlar atacağıq.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib.
"Türkiyə, qlobal enerji böhranının yaşandığı bugünkü dünyada mənbələrini və marşrutlarını şaxələndirmək, təmiz və bərpa olunan qaynaqlar da daxil olmaqla, enerji investisiyalarını daim artırmaq mövqeyindədir. Bizim səylərimiz Avropa Birliyinin yaşıl və rəqəmsal transformasiyasını da nəzərə alır. Türk dünyasının ailə şurası olan Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji həmişə fundamental əməkdaşlıq sahəsi olub. Bizim Bakı-Tbilisi-Ceyhan xam neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və TANAP kimi strateji investisiyalarımız var",- deyə nazir qeyd edib.
Hakan Fidan əlavə edib ki, bütün gücümüzlə bu əməkdaşlığı genişləndirmək üçün Türkmənistan təbii qazını da əhatə etməyə çalışırıq. Bu il Qazaxıstanda keçirəcəyimiz Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında enerji ilə yanaşı, iqtisadiyyatlarımızın inteqrasiyası sahəsində də ciddi addımlar atacağıq ki, bu da əlaqələrimizin institutsionallaşması baxımından tarixi dönüş nöqtəsi olacaq.
"Bugünkü beynəlxalq balanslarda inteqrasiya, həqiqətən, böyük strateji dəyərə malikdir. Ötən il Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dünya ilə ticarət həcmi 1,2 trilyon dollara çatıb. Bizim bunu daha da irəli aparmaq üçün böyük imkanımız var. 260 missiyası ilə dünyanın beşinci ən böyük diplomatik gücü olan Türkiyə Xarici işlər nazirliyi, hər zaman və hər yerdə iş dünyası ilə sıx koordinasiyada olacaq. Biz hər sahədə türk iş dünyasına yol açmaq və onun əsl potensialını üzə çıxarmaq üçün bütün gücümüzlə çalışacağıq",- deyə Fidan vurğulayıb.
Məlumat üçün bildirək ki, bu gün Dünya Türk İş Şurasının 10-cu Konqresi İstanbulda öz işinə başlayıb.