Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının iqtisadi sahədə əldə etdiyi uğurlar, onun siyasi gücünü və effektivliyini artırır.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Dünya Türk İş Şurasının 10-cu Konqresindəki çıxışı zamanı deyib.
"Bu gün burada mənşəyi Anadoludan olan və bütün dünyaya yayılan türk diasporunun nümayəndələri, türk dünyasındakı qardaşlarımız və onların diasporası, İslam dünyasından olan qardaşlarımızla bir yerdəyik. Türk diasporu dediyimiz başqa ölkələrdə yaşayan, işləyən və təhsil alan türkəsilli insanların sayının 8 milyona çatdığını nəzərə alsaq, dayandığımız zəminin əhəmiyyətini daha yaxşı anlaya bilərik. Bura Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Türkmənistan və Macarıstan kimi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətləri də daxil etməliyik. Təbii ki, Qərbi Trakya, Balkanlar və Qafqaz kimi digər qardaş toplumlardakı soydaşlarımızı, İslam dünyası və onların diasporunu bu mənzərədən ayıra bilmərik",- deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, Türk dünyası yeniliklərə və inkişafa açıq möhtəşəm sivilizasiya yığımı, güclü dövlətçilik ənənəsi, möhkəm ictimai quruluşu, uzaqgörən qeyri-hökumət təşkilatları ilə yeni oyanışda, yeni yüksəlişdədir.
"Dünya Türk İş Şurası kimi strukturların töhfələri ilə mədəni, tarixi, iqtisadi, sosial və siyasi əlaqələrimizi gücləndirmək üçün davamlı olaraq çalışırıq. Bu yolla həm öz ölkəmizdə, həm də diasporadakı qardaşlarımızın qarşısında yeni bir dövr açacağıq. İnanıram ki, bu konqres kimi platformalar iş dünyasından başlayaraq bütün sosial və siyasi sahələrə yayılan bir dalğa yaradacaq. Qlobal miqyasda baş verən hər bir inkişafı ümumi məqsədlərimizin dinamosuna çevirməklə qısa müddətdə bütün dünyada faydalı nəticələr əldə edəcəyimizə şübhəm yoxdur. Biz bu istiqamətdə əvvəlcə öz aramızda, sonra isə digər seqmentlərlə çoxşaxəli əlaqələrimizi sürətlə inkişaf etdirməyin yollarını axtarmalıyıq",- deyə Ərdoğan vurğulayıb.