Bakı. Trend:
ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailə səfərini başa vuraraq oradan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşüb.
Trend xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət radiosu məlumat yayıb.
Bildirilib ki, Blinken Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bir neçə dəqiqə sonra yola düşüb.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi Sammitində (COP28) iştirak edəcəyi barədə məlumat yayıb.
Qeyd edək ki, ötən gün Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı işə başlayıb. Dekabrın 12-dək davam edəcək konfransın əsas mövzuları təmiz enerjiyə keçid, iqlim maliyyələşməsi, təbiət əsaslı həllər, sosial inklüzivlik və digər məsələləri əhatə edir. Konfrans çərçivəsində həmçinin, iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma məsələləri üzrə digər mövzuların müzakirəsi və qərarların qəbul edilməsi nəzərdə tutulur.
Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir.