Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında bildirib ki, sülh Afrikanın gələcək rifahını təmin etməyin və qitənin qlobal miqyasda səsini və təsirini gücləndirməyin açarıdır.
Trend təşkilatın saytına istinadla xəbər verir ki, BMT TŞ-də Mozambik tərəfindən çağırılan qlobal təhlükəsizlik və inkişaf problemlərinin həllində sülhün kritik rolu ilə bağlı müzakirəni açan Baş katibin sözlərinə görə, indi Afrikanın sülh quruculuğu gücünü ortaya çıxarmağın vaxtıdır. O, Afrikanı qlobal əmin-amanlıq üçün mühüm amil adlandırıb və qitənin parçalanmış dünyada birlik və həmrəylik nümayiş etdirdiyinə dair misallar gətirib. A.Quterreş vurğulayıb ki, yoxsulluğa və aclığa son qoyulması, qaçqınların dəstəklənməsi, davamlı inkişafa nail olunması və onilliklər boyu mövcud olan qlobal maliyyə sistemində islahatlar dünyanın mühüm hissəsi olan Afrikanı tərəqqi yoluna çıxara bilər.