Bakı. Trend:
ABŞ hakimiyyəti artıq iyirmi ildən çoxdur Meksikadakı narkotik kartellərini gizli şəkildə dronlarla izləyir.
Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət proqramında iştirak edir. Mənbələr bildiriblər ki, dronlar vasitəsilə toplanan məlumatlar 2016-cı ildə narkobaron Xoakin Quzman Loeranı (El Çapo) həbs etməyə kömək edib. Bundan əlavə, pilotsuz təyyarələr bir sıra genişmiqyaslı narkotik əməliyyatlarında da mühüm rol oynayıb.
Proqram çərçivəsində əsasən MQ-9 Reaper dronlarından istifadə edilir. Meksikanın müdafiə naziri Rikardo Trevilla Trejo bildirib ki, məhz bu dronların topladığı məlumatlar El Çaponun oğlu İvan Arçibaldo Quzmanın mühafizə rəisinin həbsinə şərait yaradıb. 2023-cü ildə isə hüquq-mühafizə orqanları dronların köməyi ilə onun qardaşı Ovidio Quzmanı taparaq saxlayıb.
WSJ qeyd edir ki, Meksikada həyata keçirilən bu gizli dron proqramı artıq 20 ildən çoxdur fəaliyyət göstərir, lakin onun narkobaronların həbsində oynadığı rol indiyə qədər mediada açıqlanmamışdı.