Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Klaudiya Şeynbaum Mark Karnini rəsmi mandatının təsdiqlənməsi münasibətilə təbrik edib və tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Müvəqqəti Kənd Təsərrüfatı İşçiləri Proqramının davam etdirilməsi və gücləndirilməsi, eləcə də Şimali Amerika ölkələrinin rəqabət qabiliyyətinin artırılmasında T-MES (Meksika, ABŞ və Kanada arasında imzalanmış ticarət sazişi) razılaşmasının əhəmiyyəti ön plana çıxıb.
Qeyd edək ki, bu təmas Karni yeni Kanada hökumətinin tərkibini açıqladıqdan qısa müddət sonra baş tutub. Yeni kabinetdə xarici işlər, müdafiə, beynəlxalq ticarət və Kanada–Amerika əlaqələri üzrə yeni nazirlər təyin olunub. Baş nazir Karni bildirib ki, hökumət kanadalıların gözləntilərinə cavab verəcək islahatları həyata keçirmək məqsədilə formalaşdırılıb.