...

Albaniyanın Aİ-yə üzvlüyü bizim ortaq məqsədimizdir - Antonio Kosta

Dünya xəbərləri Materials 15 May 2025 22:55 (UTC +04:00)
Albaniyanın Aİ-yə üzvlüyü bizim ortaq məqsədimizdir - Antonio Kosta
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Albaniyanın Avropa İttifaqına (Aİ) üzv olması bizim ortaq və strateji məqsədimizdir.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta mayın 16-da Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin VI Sammiti ərəfəsində təşkil olunmuş mətbuat konfransında bildirib.

“Qərbi Balkanlar bizim üçün ən mühüm geosiyasi sərmayədir. İndi bu prosesi sürətləndirmək üçün doğru zamandır və nə qədər tez nəticə əldə edəcəyimiz yalnız bizdən asılıdır”, – deyə o qeyd edib.

Antonio Kosta bildirib ki, Albaniya Aİ-nin genişlənmə dinamikasının bariz nümunəsidir və üzvlüyə doğru əmin addımlarla irəliləyir.

“Bu həftə keçirilən seçkilərin nəticələri alban xalqının Aİ-yə inteqrasiya istəyini bir daha nümayiş etdirdi. Məsələ necə və ya hansı şəkildə deyil, nə vaxt üzv olacağındadır. Siz nə etməli olduğunuzu çox yaxşı bilirsiniz. Mən isə sizi məqsədə fokuslanmağa və qalan əsas islahatları həyata keçirməyə təşviq edirəm”, – deyə Kosta vurğulayıb.

O qeyd edib ki, xüsusilə qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahələrində islahatların sürəti və intensivliyi artırılmalıdır.

Aİ rəsmisi əlavə edib ki, Albaniya ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da dərinləşir: “Bu yaxınlarda Aİ və Albaniya arasında keçirilmiş təhlükəsizlik və müdafiə üzrə ilk dialoq tərəfdaşlığımızın güclü koordinasiyasının göstəricisidir”.

Kosta həmçinin bu həftə Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin VI Sammitinin əhəmiyyətinə diqqət çəkib.

“Bu, Avropanın bu regionunda bu səviyyədə keçirilən ilk belə görüş olacaq. Mən tədbirin yüksək səviyyəli təşkilini xüsusi qeyd etmək istəyirəm. Sabah bizi məhsuldar görüşlər və diskussiyalar gözləyir”, – deyə Aİ Şurasının rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti