Bakı. Trend:
ABŞ-nin aparıcı kriptovalyuta birjalarından olan "Coinbase" genişmiqyaslı kiberhücumun hədəfinə çevrilib.
Trend xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Makerlər birjanın müştəri məlumatlarını oğurlayıb və bu məlumatların açıqlanmaması üçün şirkətdən 20 milyon dollar tələb ediblər.
Şirkətin rəsmi açıqlamasında bildirilir ki, kiberhücum zamanı müştəri siyahısına çıxış əldə edilməyə cəhd olunub. Hakerlər daha sonra özlərini "Coinbase" kimi təqdim edərək istifadəçiləri aldadıb onların kriptovalyutalarını ələ keçirməyə çalışıblar. “Biz bu şantaj tələbini rədd etdik”, – deyə bəyanatda vurğulanıb.
Hücum xəbəri yayıldıqdan sonra şirkətin səhmləri Nyu-York birjasında 5,4% ucuzlaşıb. Qeyd edək ki, bir gün əvvəl “Coinbase” səhmləri fond indeksinə daxil edildikdən sonra 25% bahalaşmışdı.
Şirkət mükafat da elan edib: Hakerlərin tapılıb məsuliyyətə cəlb edilməsi üçün 20 milyon dollar məbləğində mükafat vəd olunub – bu, cinayətkarların tələb etdiyi məbləğə bərabərdir.
Kriptovalyuta bazarında artan risklər fonunda Chainalysis analitikləri bildiriblər ki, 2024-cü ildə kriptobirjalara edilən kiberhücumların yaratdığı ümumi zərər 2,2 milyard dolları keçib, bu da əvvəlki ilə nisbətən 21% artım deməkdir. Bu məbləğin 1,3 milyard dolları Şimali Koreya ilə əlaqəli hakerlərə aid edilir.
"Coinbase" rəhbərliyi zərər çəkmiş müştərilərə kompensasiya veriləcəyini açıqlayıb. İlkin təxminlərə görə, kompensasiyaların ümumi həcmi 180 milyon ilə 400 milyon dollar arasında dəyişə bilər.