Bakı. Trend:
Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhə aparan yol yalnız dialoq və danışıqlar prosesi vasitəsilə reallaşa bilər.
Trend xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iki günlük qeyri-rəsmi görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında səsləndirib.
Nazirin sözlərinə görə, Rusiya-Ukrayna arasında dialoqun bərpası tərəflərin iradəsi və ABŞ-nin təşəbbüsləri nəticəsində mümkün olub: “Fikrimcə, proses davam etməlidir. Hər iki tərəf prinsipial olaraq atəşkəs ideyasını dəstəkləyir, lakin onların mövqeləri arasında fərqliliklər mövcuddur. Əgər hədəf sülhə nail olmaqdırsa, tərəflər müəyyən addımlar atmalı və ümumi sülh gündəliyinin formalaşması üçün güzəştlərə getməlidirlər. Türkiyə olaraq biz bu prosesə bacardığımız qədər töhfə verməyə hazırıq. Rusiya və Ukrayna arasında uzunmüddətli sülhə ümid edirik və düşünürəm ki, bu ümid üçün əsaslar kifayət qədərdir”.
Fidan qeyd edib ki, bu mərhələdə vasitəçi ölkələrin üzərinə mühüm vəzifələr düşür.
O, ABŞ nümayəndə heyətinin İstanbulda səfərdə olmasına diqqət çəkərək, Ankaranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyin dəyişməz olduğunu vurğulayıb.
Suriyadakı vəziyyətə də toxunan Hakan Fidan bildirib ki, bu ölkədəki qeyri-sabitlik heç bir tərəfin maraqlarına uyğun deyil. O, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ, Səudiyyə Ərəbistanı və Suriya liderlərinin iştirakı ilə keçirilən görüşə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videokonfrans formatında qatıldığını da qeyd edib.
“Suriya beynəlxalq ictimaiyyətə inteqrasiya olunmalıdır. Ankara bu istiqamətdə səylərini davam etdirir. Eyni zamanda, Suriya əleyhinə tətbiq olunan sanksiyaların ləğvi də vacibdir”, – deyə nazir əlavə edib.
Antalyadakı qeyri-rəsmi toplantının nəticələrinə toxunan Hakan Fidan bildirib ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.
“NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə, Avropanın təhlükəsizlik arxitekturasının formalaşdırılmasında önəmli rol oynamağa davam edəcək”, – deyə o vurğulayıb.