Bakı. Trend:
Çin avtomobil brendlərinin Böyük Britaniyada artan populyarlığı ölkədə ümumi avtomobil satışlarının 2019-cu ildən bəri ilk dəfə olaraq 2 milyon həddini keçməsinə səbəb olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin (SMMT) ilkin məlumatlarına əsasən, 2025-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş 2 milyon yeni avtomobilin 9,7%-i və ya təxminən 196 min ədəd nəqliyyat vasitəsi Çin şirkətlərinin payına düşüb. Bu göstərici 2024-cü ildə Çin istehsalçılarının əldə etdiyi 4,9%-lik bazar payı ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur.
Elektrikli avtomobillərin satışı ötən illə müqayisədə təxminən 25% artaraq rekord səviyyə — 473 min ədədə çatıb. Bu da ümumi bazarın 23,4%-ni təşkil edir ki, bu göstərici əvvəlki illə müqayisədə 4 faiz bəndi çoxdur. Artım Böyük Britaniyada satılan yeni avtomobillərin orta karbon emissiyalarının ötən ilə nisbətən 10% azalmasına töhfə verib.
Çin istehsalçılarından "BYD"nin satışları ötən illə müqayisədə altı dəfə artaraq 51 min ədədə çatıb. "Chery" brendlərinin satışı isə 13 dəfə artaraq 54 min ədəd olub. "MG" markası 85 min avtomobil sataraq Almaniyanın "Mercedes-Benz" və Cənubi Koreyanın "Hyundai" brendlərinin göstəricilərinə yaxın nəticə nümayiş etdirib.
