Bakı. Trend:
Fransanın şimal-qərb bölgələri cümə axşamı və cümə günü “Goretti” qasırğasının təsiri altına düşəcək. “Météo-France” Manş departamentini külək üzrə qırmızı həyəcan səviyyəsinə keçirib. Bu, 2023-cü ilin noyabrında baş verən “Ciaran” qasırğasından sonra ilk belə haldır. Ümumilikdə 27 departament yanvarın 8-i, 36 departament isə yanvarın 9-u üçün narıncı həyəcan altındadır.
Trend xəbər verir ki, mütəxəssislərin məlumatına görə, sahilboyu ərazilərdə küləyin sürəti 150–160 km/saatadək, daxili bölgələrdə isə 130–140 km/saatadək çata bilər. Paris bölgəsində 90–100 km/saatlıq güclü küləklər gözlənilir. Eyni zamanda dənizdə hündürlüyü 6–8 metrə çatan dalğalar riski var.
Qasırğa səbəbindən Normandiyada çoxsaylı qatar xətləri yanvarın 8-də axşam dayandırılıb, məktəblər isə Manş departamentində yanvarın 9-da tam bağlanacaq. Hakimiyyət orqanları əhaliyə evdə qalmağı, səfərləri təxirə salmağı və fövqəladə vəziyyət üçün hazırlıqlı olmağı tövsiyə edir.