Bakı. Trend:
Hindistan və Avropa İttifaqı azad ticarət haqqında sazişin mətnini razılaşdırıblar. Bu sənəd Hindistanın sənaye və xidmət sektorlarına güclü təkan verəcək
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi bildirib.
“Dünən Avropa İttifaqı ilə Hindistan arasında mühüm bir saziş razılaşdırıldı. Bəziləri bunu nümunəvi müqavilə adlandırır. Bu razılaşma Hindistan və Avropa xalqları üçün böyük imkanlar yaradacaq. Bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında tərəfdaşlığın ideal nümunəsidir. Saziş qlobal ÜDM-in 25 faizini və dünya ticarətinin üçdə birini əhatə edir”, – deyə Modi Qoa şəhərində keçirilən “Hindistan Enerji Həftəsi” forumunun açılışında çıxış edərkən bildirib.
Hindistan hökumətinin başçısı sənədin detalları barədə məlumat verməyib, yalnız qeyd edib ki, “ Aİ ilə razılaşma Hindistanın sənaye inkişafına böyük təkan verəcək, xidmət sektoru da inkişaf edəcək”.
