Bakı. Trend:
Fransa parlamentinin aşağı palatası çərşənbə günü ağır xəstələrin intiharına kömək edilməsini qanuniləşdirən qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Qızğın müzakirələrdən sonra qanun layihəsi 299 deputat tərəfindən dəstəklənib, 226 nəfər isə əleyhinə səs verib. Emmanuel Makron tərəfindən irəli sürülən sənəd xəstənin zəruri hərəkətləri müstəqil şəkildə yerinə yetirə bilmədiyi hallarda həm köməkçi intiharı, həm də evtanaziyanı nəzərdə tutur.
Bundan əvvəl deputatlar palliativ yardımın genişləndirilməsi ilə bağlı qanun layihəsini yekdilliklə qəbul ediblər — 491 lehinə, əleyhinə səs verilməyib.
Prosedurun tətbiqi meyarları bütün mərhələlərdə təsdiqlənmiş, fiziki və ya psixoloji əzablarla müşayiət olunan, müalicəsi mümkün olmayan ağır xəstəlik, eləcə də xəstənin könüllü və şüurlu istəyi kimi müəyyən edilib.
Qanun layihəsinin aprel ayında Senata təqdim olunacağı gözlənilir və orada müqavimətlə üzləşə bilər. Yekun qəbulun bu yaya qədər baş tutacağı gözlənilmir.
