Bakı. Trend:
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 23 dekabr 2025-ci il tarixində banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının 9-cu Standartına (MHBS 9) uyğunlaşdırılması məqsədilə “Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) təsdiqlənib.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası üzrə təsdiqlənən Metodoloji Rəhbərliyin tətbiqi MHBS standartlarının prudensial tənzimləmə və hesabatlılığına inteqrasiyasında ilk addımlardan biridir. Metodoloji Rəhbərliyin tətbiqi prudensial tənzimləmənin qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməklə yanaşı, bank sistemində hesabatlılıq və şəffaflığın, o cümlədən beynəlxalq müstəvidə banklar arasında müqayisəliliyin aparılmasına xidmət edəcək.
Metodoloji Rəhbərlikdə banklarda aktivlərin prudensial nəzarət məqsədləri üçün MHBS 9-a uyğun təsnifləşdirilməsi, habelə müvafiq ehtiyatların yaradılmasına vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. 2026-cı ildən etibarən banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması həm MHBS 9, həm də mövcud prudensial tələblər əsasında paralel aparılacaqdır.
Banklara zəruri metodoloji dəstəyin göstərilməsi və Metodoloji Rəhbərliyin tətbiqi ilə bağlı bankları maraqlandıran suallara aydınlığın gətirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən MHBS 9 hesabatlarının hazırlanması üzrə məsul olacaq bank mütəxəssisləri ilə görüşlər keçirilib, praktik məsələlərin ətraflı müzakirəsi aparılıb.
Metodoloji Rəhbərlik sənədini nəzərdən keçirmək üçün bu linkə daxil olun:
https://uploads.cbar.az/assets/93968292987fc27975a90fcfd.pdf
