...

Obyektlərdə qanunsuz yoxlamalar aparılır - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 24 Fevral 2026 16:09 (UTC +04:00)
Obyektlərdə qanunsuz yoxlamalar aparılır - Səhiyyə Nazirliyi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Bununla əlaqədar olaraq bildirilib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.

"Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur.

Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur.

Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırır", məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti