Bakı. Trend:
Qazaxıstan hakimiyyəti ölkənin yeni Konstitusiyası ilə bağlı referendumun keçirilməsinə təxminən 20,78 milyard təngə (təxminən 41,8 milyon ABŞ dolları) xərcləməyi planlaşdırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının üzvü Mixail Bortnik brifinqdə jurnalistlərə məlumat verib.
“Maliyyə Nazirliyi ilə aparılan hesablamalardan sonra biz 20, 778,515,000 təngə məbləği üzərində dayandıq”,- deyə o, müvafiq suala cavab verərkən bildirib.
Bortnik qeyd edib ki, vəsaitlərin böyük hissəsi (təxminən 75 faizi) bütün səviyyələr üzrə seçki komissiyalarının əməkdaşlarının əməkhaqlarının ödənilməsinə yönəldiləcək. Vəsaitlərin bir hissəsi isə xaricdə yerləşən seçki məntəqələrində səsvermənin təşkili və keçirilməsi üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə ayrılacaq.
Referendum martın 15-nə təyin olunub. Qazaxıstanda və ölkə hüdudlarından kənarda səsvermə üçün 10 mindən çox məntəqə təşkil ediləcək. Referendumda 12,4 milyondan artıq Qazaxıstan vətəndaşı iştirak edə biləcək.
