Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı təşkilatın cari təbliğat fəaliyyətlərini həyata keçirən və sosial şəbəkə kanalları vasitəsilə təşkilat təbliğatı apardıqları müəyyən edilən 11 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, İstanbul Baş Polis İdarəsinin Terrorla Mübarizə (TEM) Şöbəsi və Kəşfiyyat Şöbəsinə bağlı bölmələr İŞİD-in ölkə daxilindəki fəaliyyətinə qarşı yeni əməliyyat tədbirləri həyata keçirib.
Prokurorluğun göstərişi əsasında qlobal terror təşkilatına qarşı aparılan araşdırmalar çərçivəsində sözügedən təşkilatla əlaqələri müəyyən edilən və İŞİD-lə əlaqəli fəaliyyət göstərərək sosial şəbəkələr vasitəsilə təşkilatın təbliğatını apardıqları müəyyən edilən şəxsləri izləyən polis əməliyyat keçirmək qərarı verib.
Təşkilat tərəfdarlarına qarşı aparılan texniki və fiziki müşahidələrdən sonra bu səhər bir neçə ünvana eyni vaxtda reyd təşkil olunub. Xüsusi təyinatlı dəstələrin iştirakı ilə keçirilən əməliyyat zamanı 11 şübhəli saxlanılıb.
Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı onlara məxsus mobil telefonlar, kompüterlər, xarici yaddaş qurğuları və USB daşıyıcılar daxil olmaqla, bütün texnoloji avadanlıqlar müsadirə edilib. Saxlanılan İŞİD şübhəliləri dindirilmək üçün Terrorla Mübarizə Şöbəsinə aparılıb.
