Bakı. Trend:
Burkina Faso və ABŞ səhiyyə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Beş illik müddəti əhatə edən sənəd Saheldə səhiyyə sistemini gücləndirməklə yanaşı, Burkina Fasonun yoluxucu xəstəliklərə qarşı müstəqil şəkildə cavab vermək qabiliyyətini təşviq etməyi nəzərdə tutur.
Memorandum çərçivəsində Dövlət Departamenti Konqreslə birlikdə Burkina Fasonun HİV, malyariya və digər yoluxucu xəstəliklərlə mübarizə səylərini dəstəkləmək, həmçinin epidemioloji nəzarəti və epidemiyalara qarşı mübarizə imkanlarını gücləndirmək üçün 147 milyon dollara qədər vəsait ayırmağı planlaşdırır. Bunun müqabilində Burkina Faso daxili səhiyyə xərclərini 107 milyon dollar artırmağı öhdəsinə götürür.
Qeyd olunub ki, memorandumun icrası başa çatdıqdan sonra Burkina Faso ABŞ tərəfindən maliyyələşdirilən səhiyyə işçilərini milli səhiyyə sisteminə inteqrasiya edəcək.
Səhiyyə strategiyasının bir hissəsi olaraq, ABŞ artıq 16 digər Afrika ölkəsi ilə oxşar memorandumlar imzalayıb.
