Bakı. Trend:
ABŞ-nin Vaşinqton ştatında yaşayış evinin yaxınlığında baş verən bıçaqlı hücum nəticəsində 5 nəfər, o cümlədən hücumu həyata keçirən 32 yaşlı şəxs ölüb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pirs rayonunun şerif ofisinin yaydığı açıqlamada qeyd olunub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxs məhkəmənin qurbanın evinə və ya olduğu yerə yaxınlaşmaq barədə qadağa qərarını pozub. Hadisə yerinə gələn polis əməkdaşları evin yaxınlığında insanlara bıçaqla hücum edən kişini aşkar ediblər.
Polis əməkdaşları həmin şəxsə atəş açaraq onu hadisə yerində zərərsizləşdiriblər.
Dörd nəfər, o cümlədən hücumçu hadisə yerində ölüb. Beşinci zərərçəkən xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən vəfat edib.
İnsidentlə bağlı araşdırma aparılır.
