Bakı. Trend:
Səudiyyə Ərəbistanı Pro Liqasının 10-cu turunun təxirə salınmış oyununda Əl-Nəcmə ilə Əl-Nəsr qarşılaşıb.
Trend xəbər verir ki, görüş “Əl-Nəsr”in 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların hücumçusu Kriştianu Ronaldu hesabı açıb. Portuqaliyalı futbolçu 7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Cinah oyunçusu Kinqsli Koman 31-ci dəqiqədə üstünlüyü artırıb. Birinci hissənin sonlarında müdafiəçi İniqo Martinez hesabı 3:0 edib.
İkinci hissənin 52-ci dəqiqəsində hücumçu Sadio Mane Ronaldunun ötürməsindən sonra dördüncü qolu vurub. 80-ci dəqiqədə isə İniqo Martinez dubl edərək yekun hesabı müəyyənləşdirib – 5:0.
Bu matçda Kriştianu Ronaldu karyerasında 965-ci qolunu vurub.
Bu qələbə ilə “Əl-Nəsr” 23 oyundan 58 xal toplayaraq turnir cədvəlində birinci yerə yüksəlib. “Əl-Nəcmə” isə səkkiz xalla 18-ci pillədə qərarlaşıb.
