Gürcüstan prezidenti Mixail Saakaşvili konstitusiyaya dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edib. Dövlət başçı ölkədə prezident seçkilərinin 2009-cu ildə deyil, 2008-ci ildə parlament seçkiləri ilə eyni vaxtda keçirilməsini təklif edib. Prezident Tiflisdə keçirilmiş mətbut konfransında bəyan edib ki, o, ilkin olaraq bu məsələ ilə bağlı parlamentin spikeri Nino Burcanadze ilə məsləhətləşmələr aparıb.
"Hesab edirəm ki, seçkilərin müxtəlif vaxtlarda keçirilməsi müxtəlif problemlərlə bağlıdır. Qoy xalq növbəti prezidentin kim və parlamentin necə olacağını eyni vaxtda qərara alsın", - deyə o bildirib.
M.Saakaşvili güman edir ki, parlament onun bu təşəbbüsünü təsdiqləyəcək. Yaxın vaxtlarda təklif qanunverici orqanın müzakirəsinə veriləcək. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.