...

Qanunsuz lotereya və idman mərc oyunları təşkil edənlərin işi çətinləşir

Cəmiyyət Materials 3 May 2016 15:29 (UTC +04:00)
Azərbaycanda qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə cərimələr sərtləşdirilir.
Qanunsuz lotereya və idman mərc oyunları təşkil edənlərin işi çətinləşir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə cərimələr sərtləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə cərimələr üç min manatdan dörd min manatadək müəyyən edilir.

Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə cərimələr də üç min manatdan dörd min manatadək müəyyən edilir.

Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə cərimələr min beş yüz manatdan iki min manatadək məbləğdə nəzərdə tutulur.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti