...

Azad Rəhimov: İdman hərəkatında vahid komandanın olması Azərbaycan idmanının uğurudur (MÜSAHİBƏ)

İdman Materials 5 Mart 2012 10:15 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun 5 mart - İdman və Bədən Tərbiyəsi Günü ilə əlaqədar Trend-ə müsahibəsi
Azad Rəhimov: İdman hərəkatında vahid komandanın olması Azərbaycan idmanının uğurudur (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun 5 mart - İdman və Bədən Tərbiyəsi Günü ilə əlaqədar Trend-ə müsahibəsi

- Cənab nazir, 2012-ci il Azərbaycanda "İdman ili" elan olunub. Bu il Azərbaycan idmanı üçün nə ilə yadda qalacaq?

- Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi gözlənilməz olduğu qədər də sevincli, eyni zamanda, hər birimiz üçün məsuliyyətli məqam idi. Ümumiyyətlə, 2012-ci il böyük idman yarışları, ölkəmiz üçün əhəmiyyət kəsb edən önəmli layihələrlə zəngindir. İlin mühüm hadisələrinin arasında 2012-ci ildə London şəhərində keçiriləcək növbəti Yay Olimpiya Oyunları, 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına Bakının namizəd şəhər qismində mübarizəsi və digərləri var. Şübhəsiz ki, son Olimpiya Oyunlarında Azərbaycan çox yüksək nailiyyətlərə imza atıb. Biz London olimpiadasından da çoxlu qələbələr gözləyirik və istərdik ki, bu ilin birinci yarısında hazırlıq işləri, keçirilən tədbirlər, təlim-məşq toplantıları, beynəlxalq tədbirlər o səviyyədə keçirilsin ki, həqiqətən də Londonda Azərbaycanın uğurları çox yüksək səviyyədə nümayiş oluna bilsin. Bu il olimpiya hərəkatı sahəsində ölkə üçün daha bir vacib məsələ Bakının ikinci dəfə Olimpiya Oyunlarının keçirilməsinə namizədliyinin irəli sürülməsidir. Azərbaycan 2020-ci ildə Bakı şəhərində Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırdır və bu istiqamətdə çox işlər aparılıb. Bakı 2016-cı il Olimpiya Oyunlarını keçirmək üçün də namizədliyini irəli sürmüşdü. Lakin o bizim ilk təşəbbüsümüz idi və ola bilsin ki, ilk dəfə olaraq bəzi məqamlara, çox ciddi məsələlərə o qədər də dərindən fikir verilməmişdi. İnanırıq ki, birinci dəfə ilə müqayisədə ikinci dəfə namizədliyin irəli sürülməsində həmin nöqsanları aradan qaldıracağıq. Bildiyiniz kimi yanvar ayında Lozanna şəhərində Bakının namizəd kitabı Beynəlxalq Olimpiya Komitəsinə təqdim olundu. Sevindirici hal ondan ibarətdir ki, kitab yüksək səviyyədə qəbul olundu. BOK-un prezidenti Jaq Roqqe də çıxışlarında bütün namizəd şəhərləri güclü şəhərlər adlandırıb. Demək ki, biz ən böyük şəhərlərlə böyük mübarizədə heç də geri qalmırıq.

"İdman ili" çərçivəsində keçiriləcək yarışlara gəldikdə isə, bildiyiniz kimi nazirlik tərəfindən təkliflər planı hazırlanaraq Nazirlər Kabinetinə baxılması üçün təqdim olunub. Hazırda tədbirlər planının təsdiqi üçün ölkə başçısının sərəncamını gözləyirik. Ümumilikdə isə bu il ölkəmizdə 50-dən çox beynəlxalq yarış, 5000-dən çox idmançının qatılacağı 120-dən çox təlim-məşq toplanışları, 250-dən çox yerli yarışlar keçiriləcək. Eyni zamandaŞ idmançılar dünyanın müxtəlif ölkələrində keçiriləcək 120-dən çox təlim-məşq toplanışlarına da qatılacaqlar. Bununla yanaşı, Bakı 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı, boks üzrə dünya birinciliyi, cüdo üzrə gənclər arasında Avropa kuboku, güləşçilərin dünya kuboku və s. yarışlara ev sahibliyi edəcək.

- Siz London Olimpiya Oyunlarını xüsusi qeyd etdiniz. Təcrübə göstərir ki, hər Olimpiya Oyunları Azərbaycan daha çox medal qazanır. Bu olimpiadada Azərbaycan idmançılarından nə qədər medal gözləmək olar?

- Mən hər zaman xüsusui olaraq vurğulayıram ki, medallarla bağlı proqnozlar vermək düzgün deyil. Olimpiya Oyunları elə idman yarışıdır ki, bir neçə dəfə dünya çempionu olmuş idmançılar da medalsız qayıda bilərlər. Amma biz bu məsələyə real yanaşsaq, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin mütəxəssislərinin təhlilinə əsasən Olimpiya Oyunlarına 50-dən çox lisenziya qazanmalıyıq.

Bu günə 30-dan çox lisenziya qazanmışıq. Son lisenziyamız çaparımız Camal Rəhimovdan gəldi. Bizim açıq suda üzgüçülük, qılıncoynatma, velosiped idman növlərindən də lisenziyalarımız ola bilər. Biz əlbəttə istərdik ki, 50-dən çox lisenziya qazanaq, çünki olimpiadaya 50-dən çox idmançı ilə qatılan ölkələr böyük komandalar sayılır və biz də artıq özümüzü böyük komandalar sırasında görürük. Olimpiadada qazanılan medallara gəldikdə, Azərbaycan idmançıları 10-dan çox medal qazana bilər - buna real imkanımız var. Son illərdə keçirilən çox möhtəşəm yarışlarda bizim idmançılarımız öz səviyyələrini sübut ediblər. İdmançıların hazırlıq səviyyəsi də deməyə əsas verir ki, biz 10-dan çox medal qazana bilərik. Azərbaycanın iştirakçılar sırasındakı yerinə gəldikdə, hesab edirəm ki, MDB ölkələrində 3-4-cü yerdə, Avropa ölkələri arasında 15-16-cı yerdə və dünyada ilk 20 ölkə arasında qərarlaşa bilərik. Sadəcə onu demək kifayət edər ki, 2011-ci ildə Azərbaycan qazanılmış medalların sayına görə dünyada 16-cı yerdə qərarlaşıb.

- Azərbaycan idmançılarının olimpiadaya hazırlığı hansı səviyyədədir?

- İdmançıların olimpiadaya hazırlığı üçün xüsusi proqram qəbul olunub və həmin proqrama əməl olunması üzrə bütün məsuliyyət məşqçilərin üzərindədir. Hazırda məşqçilərin icazəsi olmadan heç bir idmançı heç yerə gedə bilməz. Hətta biz Bakının 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə "Sifariş kitabı" təqdim etmək üçün Lozannaya səfər edən zaman Elnur Məmmədli də bizimlə getməli idi. Lakin onun məşqçisi dedi ki, hazırlıqla əlaqədar Məmmədlinin səfər etməsi heç cür mümkün deyil. Yəni, hazırda bütün səylər olimpiadaya hazırlıqla bağlıdır. Eyni zamanda, mən çox istəyirəm ki, bizim idmançılar London olimpiadası zamanı təkcə yarış meydanında deyil, ondan kənarda da çox aktiv olsunlar, mətbuatla əlaqədə olsunlar. İdmançılarımız çoxsaylı xarici jurnalistlərə Azərbaycan, onun mədəniyyəti haqqında geniş məlumat versinlər.

- Azərbaycanda dövlət tərəfindən ayırlan vəsait idmançılardan yüksək nəticələr gözləməyə kifayət edirmi?

- Azərbaycanda dövlət tərəfindən bir ildə idmana ayrılan vəsait 10 milyon manatdır. Bu məbləğə tikinti məsələləri aid deyil. Yəni ölkədə sırf idmana 9 milyon 700 min manat vəsait ayrılır. Bu il də sırf London Olimpiya Oyunlarına hazırlığa əlavə 5,7 milyon manat ayrılıb. Müqayisə etsək, görərik ki, 90-cı illərin əvvəllərində Gənclər və İdman Nazirliyinə ayrılan ümumi vəsait 200 000 manat təşkil edirdisə, dövlətin idmançılara, idmana, gənclər sahəsinə ayırdığı vəsait neçə qat artıb. Mən xüsusi olaraq vurğulamaq istərdim ki, cənab Prezident İlham Əliyev hər bir idmançıya xüsusi diqqət, qayğı göstərir. Ölkə başçısı idmançıların hər birinin adı, onların uğurları, problemlərindən xəbərdardır.

- Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinin təsdiq olunması nə dərəcədə realdır? Misal üçün Bakının Madrid, Tokio kimi güclü rəqibləri var.

- Qeyd etmək istəyirəm ki, Barselona 1992-ci il olimpiadasını keçirənə kimi elə də məşhur şəhər deyildi. Məhz olimpiadadan sonra Barselona şəhəri diqqət mərkəzinə düşdü. Düşünürəm ki, Olimpiya Oyunlarını kiçik şəhərlərə, dünyada bir o qədər də tanınmayan şəhərlərə həvalə etmək lazımdır. Çünki məhz bu şəhərlərin deməyə sözü, təqdim etməyə yenilikləri var. Təbii ki, Tokio, Barselona, Doha, İstanbul kimi şəhərlərlə müqayisədə biz uduza da bilərik. Lakin Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyimiz "Sifariş kitabında" da qeyd etdiyimiz kimi, biz əminik ki, Bakı şəhəri Olimpiya Oyunlarını layiqincə təşkil edə bilər, bizim buna istəyimiz olduğu qədər, gücümüz də var. Xüsusi məqamlardan biri, hər bir layihədə MOK, GİN, federasiyaların birgə çalışmaq bacarığıdır. Mən dəfələrlə bir sıra ölkələrdə idman federasiyalarının prezidentlərinin biri-biri ilə və yaxud yerli Olimpiya komitəsi ilə yola getmədiklərinin şahidi olmuşam. Lakin Azərbaycan idmanının uğuru da məhz ondan ibarətdir ki, bizdə idman hərəkatına qoşulan bütün strukturlar vahid komanda şəklində çalışırlar. Məhz namizəd şəhər olaraq 2020-ci il üçün əbəs yerə devizi "Biz birlikdə bacararıq" seçməmişik.

- Cənab nazir, idmançıların yetişdirilməsi üçün ölkədə Olimpiya komplekslərinin tikintisi nə yerdədir? Bu il neçə yeni kompleksin açılışı olacaq?

- Bu günə ölkənin 33 rayonunda Olimpiya kompleksləri fəaliyyət göstərir. Sonuncu Olimpiya kompleksi Sumqayıt şəhərində açılıb. Hazırda 10 Olimpiya kompleksi tikilir və bu il Astara, Cəlilabad OİK, Qobustan idman zalının təhvil verilməsi nəzərdə tutulur. Bu gün 80-100 min nəfər əhalisi olan bütün rayonlarda Olimpiya kompleksləri tikilib, istifadəyə verilib. Sözsüz ki, biz Azərbaycanda əhalisi az olan rayonlarda böyük Olimpiya kompleksinin tikintisinin bir o qədər də vacib olmadığını düşünürük. Çünki Olimpiya komplekslərinin saxlanması, seksiyanın yaradılması lazımdır. Bu sahədə biz onun üzərində dayanmırıq ki, mütləq bütün rayonlarda böyük Olimpiya kompleksi yaradılsın. Bəzi rayonlarda idman zalları tikilməlidir.

Tikinti işlərinə gəldikdə, Tofiq Bəhramov adına Respublika Stadionunun bu il təhvil verilməsi nəzərdə tutulub. Bakı şəhərində Gimnastika Kompleksinin tikintisi davam edir. Hovuz Kompleksinin, Respublika İdman Tibb Mərkəzinin tikintisinə başlanılıb.

- Azərbaycan bayrağı altında çıxış edən legionerləri də görürük. Buna nə dərəcədə ehtiyac var?

- Bilirsiniz, müvəqqəti olaraq bunları qəbul etmək olar. Hansısa idman növündə, həmin idman növünün müəyyən çəki koteqoriyasında bizim idmançımız hələ yetişməyibsə, müvəqqəti olaraq həmin idman növünə legioner cəlb edə bilərik. Uğurlar bizə çox vacibdir. Azərbaycanın bayrağının qalxması, Azərbaycanın tanınmasında bu, böyük işdir. Bundan başqa, cəlb olunmuş legionerlər böyük bir rəqabət yaradırlar. Rəqabət olan yerdə isə qalibiyyət də var. Legionerlər tərəfindən qazanılan medallar, onlara Azərbaycanda olan sevgi bizim gəncləri uğurlar qazanmağa həvəsləndirir. Stimul kimi bu, yaxşı addımdır, amma daimi olmamalıdır.

- Sonda Azərbaycan idmançılarına hansı tövsiyələri verərdiniz?

- Mən yüksək bacarıqlara nail olan gənclərə inanıram, fikirləşirəm ki, Azərbaycanın gələcəyi onlarla bağlıdır. Yüksək nəticə əldə etmək üçün səylə öz üzərində çalışmaq lazımdır. Hər bir idmançı vətənpərvər olmalıdır, Azərbaycana qulluq etməlidir və Azərbaycanın parlaq gələcəyinə, ölkə başçısı cənab Prezident İlham Əliyevə inanmalıdır. Mənim üçün önəmli məqamlardan biri bizim bir-birimizin uğurlarına, qələbələrinə sevinmək bacarığımızın olmasıdır. O zaman daha böyük qalibiyyətlərdən danışmaq olar.

Xəbər lenti

Xəbər lenti