...

Madriddə Avropa Oyunlarının təqdimatı keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 14:33 (UTC +04:00)
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin təşkilatçılığı, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin və İspaniya Olimpiya Komitəsinin dəstəyi ilə Madrid şəhərində ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı keçirilib.
Madriddə Avropa Oyunlarının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin təşkilatçılığı, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin və İspaniya Olimpiya Komitəsinin dəstəyi ilə Madrid şəhərində ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə İspaniya Olimpiya Komitəsinin prezidenti, idman federasiyalarının prezidentləri, səfirlər, Olimpiya çempionları, İspaniyanın məşhur "Atletiko Madrid" futbol klubunun prezidenti, habelə idman jurnalistləri iştirak ediblər.

İclası açıq elan edən Azərbaycan səfiri Altay Əfəndiyev İspaniya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq barədə tədbir iştirakçılarına məlumat verib. Səfir, bundan əlavə, 2009-cu ildə Avropa Oyunlarının təsis edilməsi haqqında ideyanın məhz İspaniyada yarandığını xatırladıb.

Daha sonra söz Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevə verilib və o, Avropa Oyunlarını tədbir iştirakçılarına təqdim edib.

Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında aparılan hazırlıq işlərindən söhbət açan Gənclər Fondunun direktoru Oyunlara hazırlıq işlərinin artıq böyük hissəsinin yüksək səviyyədə başa çatdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. F.Hacıyev, bundan əlavə, Avropa Oyunları zamanı tətbiq olunacaq asanlaşdırılmış viza qaydaları, Oyunlarda iştirak etmək istəyən jurnalistlər üçün akkreditasiya şərtləri, Oyunlarda iştirak edəcək ölkələr, idmançılar və onlar üçün yaradılmış şərait, idman qurğuları, cəlb edilmiş insan resurları, müasir infrastruktur layihələri, Oyunların ölkəmizə, Avropa və dünya idmanına verdiyi töhfədən və s. barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko Oyunların Azərbaycanda keçiriləcəyinin mühüm tarixi hadisə olduğunu vurğulayıb. O, Oyunlarla əlaqədar ölkəmizdə aparılan yüksək səviyyəli işlərin əhəmiyyətini bildirib. A.Blanko qeyd edib ki, ilk Avropa Oyunlarında İspaniya 214 idmançı ilə təmsil olunacaq. İdmançılar arasında Olimpiya, dünya və qitə çempionları da olacaq.

Tədbir zamanı Oyunlarla əlaqədar ispan dilində üç videoçarx nümayiş etdirilib. Çıxışlardan sonra F.Hacıyev Avropa Oyunlarına hazırlıqla bağlı İspaniyanın xəbər portallarına və telekanallarına müsahibə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti