...

Səhiyyə Nazirliyi: Avropa Oyunları ilə əlaqədar gigiyenik qaydalar tam nəzarətdədir

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 15:48 (UTC +04:00)
Bakı-2015 I Avropa Oyunlarında sabitliyin təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin müvafiq qurumları ilə birgə 20 Olimpiya obyektində sanitariya-epidemioloji ekspertizasını həyata keçirib, müvafiq laboratoriya müayinələri aparıb.
Səhiyyə Nazirliyi: Avropa Oyunları ilə əlaqədar gigiyenik qaydalar tam nəzarətdədir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı-2015 I Avropa Oyunlarında sabitliyin təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin müvafiq qurumları ilə birgə 20 Olimpiya obyektində sanitariya-epidemioloji ekspertizasını həyata keçirib, müvafiq laboratoriya müayinələri aparıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, laboratoriya xidmətinin fəaliyyətini təkmilləşdirmək, xüsusən də yeyinti məhsullarının və suyun laboratoriya təhqiqatını müasir tələblərə uyğun aparmaq üçün yeni laboratoriya cihaz və avadanlıqları alınıb, mütəxəssislərin yüksək səviyyədə hazırlığı təmin edilib, bir sıra yeni göstəricilərin təyini üsulları tətbiq edilib.

Son dövrlərdə təşkil edilmiş, ən müasir avadanlıqla təchiz edilmiş toksikoloji laboratoriya, yeni diaqnostik vasitələrin istifadəyə verildiyi mikrobioloji laboratoriya hazırda tam gücü ilə işləyir.

Hazırda Əməliyyat Komitəsi tərəfindən akkreditasiya olunmuş Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) 13 nəfər yüksək ixtisaslı mütəxəssisi gündəlik olaraq bilavasitə tədbirlərin aparılmasında iştirak edirlər.

Qısa müddət ərzində GEM tərəfindən Bakı və Mingəçevir şəhərlərində idmançıların qalması və qidalanması üçün nəzərdə tutulmuş obyektlərdə içməli suyun tam mikrobioloji, toksikoloji və fiziki-kimyəvi müayinələri 72 su nümunəsində yoxlanıb və aparılan müayinələrin nəticəsində normalardan kənaraçıxmalar müşahidə olunmayıb.

Bundan əlavə, qidalanma təşkil ediləcək obyektlərdə də mütəxəssislər tərəfindən yerində baxışlar keçirilib, zəruri hallarda müvafiq təkliflər verilib.

Bakı və Mingəçevir şəhərlərində zəruri hallarda həşəratlara və gəmiricilərə qarşı dezinfeksiya və deratizasiya tədbirləri aparılıb. Bu tədbirlər hazırda da davam edir.

Oyunların keçiriləcəyi dövrdə Bakı və Mingəçevir şəhərlərində 2 növbəli iş rejimində fəaliyyət göstərilməsi, su təchizatı və qidalanma obyektlərində, əhalinin kütləvi istirahət və gəzinti yerlərində sanitariya nəzarətinin gücləndirilməsi, yoluxucu xəstəlik ocaqlarında zəruri tədbirlərin görülməsi, ümumşəhər su anbarlarında gündəlik olaraq su nümunələrinin laboratoriya müayinəsinin aparılması barədə GEM tərəfindən müvafiq əmr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti