...

Daha bir kişi boksçumuz yarımfinala vəsiqə əldə etdi (FOTO)

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 13:55 (UTC +04:00)
Döyüşün ilk raundunda rəqibinə daha çox və dəqiq zərbələr endirən boksçumuz üstün olub.
Daha bir kişi boksçumuz yarımfinala vəsiqə əldə etdi (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın daha bir kişi boksçusu Avropa Oyunlarında yarımfinala vəsiqə əldə edib.

Trend xəbər verir ki, bu gün Avropa Oyunlarında Kristal Zalda keçirilən boks yarışlarında orta çəkidəki (75 kq) kişi boksçumuz Xaybula Musalov 1/4 final görüşündə Belorus idmançısı Vitali Bandarenka ilə üz-üzə gəlib.

Döyüşün ilk raundunda rəqibinə daha çox və dəqiq zərbələr endirən boksçumuz üstün olub. İkinci raundda da Belorus təmsilçisinə nisbətən cəld və çevik tərpənən X.Musalov üstünlüyünü bir az da möhkəmləndirib. Həlledici, üçüncü raundda da görüşün senarisi dəyişməyib və gərgin mübarizə şəraitində keçən döyüşün sonunda 5 yaş kiçik olmasına baxmayaraq, X.Musalov təcrübəli rəqibinə qalib gələrək adını yarışların yarımfinalına yazdırıb.

Xatırladaq ki, bu gün Avropa Oyunlarının boks yarışlarında daha 2 təmsilçimiz rinqə çıxacaq.

Onlar axşam saatlarında finala vəsiqə uğrunda rinqdə mübarizə aparacaqlar. Yarımfinal döyüşünə əvvəlcə, yarımyüngül çəkidəki (56 kq) bokçumuz Tayfur Əliyev çıxacaq. O, Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş saat 19:30-a planlaşdırılır.

Bu gün rinqə çıxacaq sonuncu təmsilçimiz yarımağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov olacaq. O, finala vəsiqə əldə etmək üçün saat 20:15-də Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gələcək.

Xatırladaq ki, bu gün rinqə çıxmış qadın boksçumuz Yana Alekseyevna (57-60 kq) artıq yarımfinala vəsiqə qazanıb. Dünən çıxış edən təmsilçilərimizdən yananın bacısı Anna Əlimərdanova (51-54), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq), Abdulkadır Abdullayev (91 kq) rəqiblərini məğlub edərək yarışların yarımfinalına vəsiqə əldə ediblər.

Ondan daha öncə isə 4 boksçumuz - Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməyi bacarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti