...

Müəllimə Nazpəri Dostəliyevadan ustad dərsi (FOTO)

Mədəniyyət Materials 22 Fevral 2011 18:34 (UTC +04:00)
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Nazpəri Dostəliyevanın pedaqoji fəaliyyətlə məşğul olması haqqında məlumat yeni xəbər deyil. Çünki 5 ilə yaxındır ki, xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqi sənəti" fakültəsinin "Estrada və pop musiqisi" kafedrasında müəllimə kimi çalışır.
Müəllimə Nazpəri Dostəliyevadan ustad dərsi (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Nazpəri Dostəliyevanın pedaqoji fəaliyyətlə məşğul olması haqqında məlumat yeni xəbər deyil. Çünki 5 ilə yaxındır ki, xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqi sənəti" fakültəsinin "Estrada və pop musiqisi" kafedrasında müəllimə kimi çalışır. Yenilik ondadır ki, bu beş ildə Nazpəri xanım müəllimlik fəaliyyəti dövründə ilk dəfə olaraq Trend-in təşəbbüsünə biganə qalmayaraq, ən layiqli davamçıları hesab etdiyi tələbələri ilə oxucularımızı tanış etməkdən imtina etmədi. Günorta saatlarına təsadüf edən görüşümüz elə universitetin binasında baş tutdu. Maraqlı idi, görəsən, daim səhnələrdə çıxış edib səsi ilə pərəstişkarlarına müsbət enerji bəxş edən Dostəliyeva müəllimə kimi auditoriyada missiyasına sadiq qalacaqdımı? Yoxsa o da adət etdiyimiz əzazil müəllimə ampluasından çıxış edib tələbələrinə qarşı ciddi davranışları ilə diqqət çəkəcək? Müğənninin gülər üzünü görən kimi, bütün mənfi fikirlərimiz alt-üst oldu. Həmişəki mehriban çöhrəsi ilə həm bizi, həm də tələbələrini salamlayan Nazpəri xanım vaxt ayırıb əvvəlcə davamçıları ilə qızğın məşğələ prosesini həyata keçirən "akkompaniotor"u (müşayiətçi-pianoçu) musiqişünas-konsertmeyster Fəridə Hüseynova ilə verdiyi tapşırıqlar barəsində söhbət etdi, daha sonra ustad sinfində ondan fərdi şəkildə təhsil alan 5 gənc haqqında Trend-ə ətraflı məlumat verdi:

- Özünütərif çıxmasın, gördüyünüz bu tələbələr məncə Mədəniyyət və İncəsənət Universitetində təhsil alan ən istedadlı gənclərdəndir. III kurs tələbəsi olan Pərviz Kərimov səhhətində problem olduğu üçün bu gün açıq dərsimizdə iştirak etmədiyindən, digər dörd əziz tələbəmi sizə təqdim etmək istəyirəm. Humay Babazadə tərəfimdən fərdi şəkildə təhsi alan yeganə xanımdır. Çox istiqanlı və musiqini mükəmməl şəkildə duya bilən ürəyə sahibdir. Gözəl səsi olan Humay da III kursda təhsil alır. Tələbələrim arasında ayrı-seçkilik etmək istəməzdim, bu səbəbdən də Ələkbər Şahmuradzadə haqqında danışmaq istəyirəm. Ələkbər universitetimizə yeni qəbul olub. Birinci kursda oxumasına baxmayaraq, sənətə çox böyük həvəsi var. Ürəyi musiqi ilə döyünür. Digər tələbəm Azər Məmmədzadəyə gəldikdə isə o, III kursda təhsilini davam etdirir və fikrimcə artıq təhsil almamalıdır. Peşəkar səhnə üçün tam hazır bir ifaçıdır. Hərdən zarafatla deyirəm ki, sən dərsə gəlməyə də bilərsən. Ramal Əsədzadəyə gəldikdə isə onun da öz yolu var. I kursda təhsil alır. Müğənniliyə böyük həvəsi var, fərqli səs tembrinə malikdir. Özü də təsqdiqləyər ki, səsini ilk əvvəllər ancaq türk musiqi sənəti üzərində kökləmişdi. Lakin bir semestr boyunca o, Azərbaycan klassiklərinin əsərlərinə də müraciət etdi və özünə sübut etdi ki, sahib olduğu məxməri səslə musiqi dünyasına baş vurmaq yalnız öz əlindədir. Onlar haqqında xoş sözlər səsləndirdiyim zaman mütləq şəkildə onların üzərində yetərincə zəhmət çəkən istedadlı pianoçumuz, tələbələrimin "akkompaniotor"u Fəridə xanım Hüseynovaya məxsusi təşəkkürlərimi ünvanlamalayam. Düzdür, dərs saatlarımız həftənin bir neçə gününə təsadüf etsə də, Fəridə xanımın məsuliyyətinə daha çox arxayın oluram. Nə qədər güclü müəllim olursa-olsun, əgər ifaçı onu zəif müşayiət edən musiqiçilərdən dərs alarsa, heç bir müsbət nəticədən söhbət gedə bilməz. Çox şadam ki, artıq neçə illərdir Fəridə xanımla pedaqoji tandemimiz yaranıb. Və o, tələbələrimin keyfiyyətli musiqi təhsilinə yiyələnməsində mənə ən yaxından dəstək olur.

Müəllimlərindən bu cür xoş sözlər eşidən tələbələri bir-birinin ardınca piano arxasında onları müşayiət edən Fəridə xanımın köməkliyi ilə istedadlarının nəyə qadir olduğunu canlı olaraq bizə də sübut etdilər. İnsafən demək lazımdır ki, həqiqətən onlar auditoriya divarları arasında müğənnilik sənətinə olan sevgilərinin necə böyük olduqlarını səsləri ilə təsdiqlədilər. Həyəcan keçirə biləcəklərindən ehtiyatlanan Nazpəri xanım arada onlara qoşularaq, oxuduqları mahnılarının bəzi yerlərində tələbələrinə kömək etməyə çalışırdı. Hamısının ifasına qulaq asdıqdan sonra ayrı-ayrılıqda hər bir tələbədən Nazpəri xanımın necə müəlimə olduğu ilə maraqlandıq. Bu məqamda xalq artisti müdaxilə edərək, bizə öz haqlı iradını bildirdi. "Gərək siz onları mən auditoriyada olmayanda sorğu-sual edərdiniz. Birlikdə olduğumuz üçün əlbəttə məni tərifləməyə çalışacaqlar (gülümsəyir). Müəllim iradına cavab elə yeganə qız tələbə olan Humaydan gəldi. "Niyə belə fikirləşirsiniz, Nazpəri xanım? Sizdən fərdi şəkildə təhsil aldığım üçün demirəm, ancaq əmin olun ki, məndən başqa dörd tələbənizin hər biri öz kurs yoldaşlarımızla söhbət edərkən sizin necə gözəl insan olduğunuzdan danışmaqdan yorulmuruq. Həqiqətən də fəxr bilirik ki, Azərbaycan musiqisini səsi ilə dünya səhnələrinə qədər aparıb çıxaran xalq artistimizdən ustad dərsi almaq kimi şansımız var. Sizin tərifə ehtiyacınız yoxdur, əksinə, özümüzü bəxtəvər tələbələr də hesab edirik ki, həftənin bir neçə günü sizinlə canlı görüşmək kimi imkanımız olur", - Humay Babazadə dedi.

Emosional tələbə çıxışı sözün yaxşı mənasında Nazpəri xanımı kövrəltdi. Bunu büruzə verməməyə çalışan xalq artisti dərsinə davam etdiyi vaxt daha bir təşəbbüslə çıxış etdik. "Nazpəri xanım, sizin tələbəniz olmaq üçün nə etmək lazımdır" sualımızı eşidən müğənni Trend-in əməkdaşının onun qarşısında mini-imtahan vermək istəyini təəccüb hissi ilə alqışladı. Bəstəkar Şəfiqə Axundovanın "Nədən oldu" mahnısını jurnalistin ifasında dinləyən Nazpəri Dostəliyeva sona yaxın ona qoşularaq öz ifası ilə tələbələri qarşısında bir daha canlı ifasını nümayiş etdirdi. Aldığımız qiymət isə belə oldu: "Jurnalist kimi 5, müğənni kimi isə... Yəqin qiymətin neçə olduğunu özünüz müəyyən etdiniz".

Dərs prosesində həmçinin müğənni Cavid Hüseyndən ustad dərsləri alan iki tələbə də öz istəkləri ilə iştirak etdilər. Türkan və Elgiz adlı gələcəyin müğənniləri Nazpəri xanımın universitetdə dərs deyən ən səmimi müəllimlərdən olduğunu bildirdilər.

İki saata yaxın davam edən görüşümüzün sonunda tələbələri sevimli müəllimləri ilə bolluca şəkillər çəkdirib, ona olan sevgilərini bir daha təkrarladılar. Sanki Nazpəri xanımı daha auditoriyada görməyəcəkdilər. Son olaraq Nazpəri xanım Trend vasitəsilə müqəddəs bildiyi müəllim peşəsi haqqında fikirlərini qısa şəkildə belə izah etdi. "Sevinirəm ki, vaxtilə müəllimlərimdən öyrəndiklərimi mən də son illər öz tələbələrimlə bölüşürəm. Allahımdan çox razıyam ki, istedadımdan bəhrələnmək istəyən tələbələrə nəyisə öyrətmək bacarığını mənə verib. Axı hər müğənni tələbə yetişdirmək qabiliyyətində olmur. Bu keyfiyyətə sahib olduğum üçün özümü xoşbəxt sənətkar saymaqdan çəkinmirəm. Söz verirəm ki, yaxın iki-üç il ərzində gördüyünüz tələbələrimin səs-sorağı daha böyük konsert salonlarından eşidiləcək. Əsas məqsədimiz məhz səhnə üçün peşəkar müğənni hazırlamaqdır", - Nazpəri Dostəliyeva dedi.

Sonda çəkiliş apardığımıza icazə verdikləri üçün başda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timurçin Əfəndiyevə və "Musiqi sənəti" fakültəsinin dekanı Vamiq Məmmədəliyevə öz təşəkkürümüzü bildiririk. Oxucularımıza isə bu cür maraqlı reportajların davamlı olacağını xatırlatmağı unutmuruq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti