...

Zaman maşını, insan paxıllığı və radio barədə arzu haqqında - KVN-çi Tahir İmanov (VİDEO)

Mədəniyyət Materials 13 Aprel 2011 17:18 (UTC +04:00)
Aprelin 14, 15, 16-da Heydər Əliyev adına sarayda keçiriləcək "Planeta Parni iz Baku" KVN teatrının 10 illik yubileyi ərəfəsində teatrın rəhbəri Tahir İmanov Trend-ə müsahibə verib. O, müsahibədə yeniliklər, insanın paxıllığı və öz arzusu haqqında danışıb.
Zaman maşını, insan paxıllığı və radio barədə arzu haqqında - KVN-çi Tahir İmanov (VİDEO)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir V.İmanov/

Aprelin 14, 15, 16-da Heydər Əliyev adına sarayda keçiriləcək "Planeta Parni iz Baku" KVN teatrının 10 illik yubileyi ərəfəsində teatrın rəhbəri Tahir İmanov Trend-ə müsahibə verib. O, müsahibədə yeniliklər, insanın paxıllığı və öz arzusu haqqında danışıb.

- Sizi eyni anda üç yubiley - "Planeta Parni iz Baku" KVN teatrının 10 illiyi, "Parni iz Baku" komandasının 20 illiyi və beynəlxalq KVN hərəkatının 40 illiyi münasibətilə təbrik edirik. Yubiley ərəfəsində özünüzü necə hiss edirsiniz?

- Təşəkkür edirəm, çox yaxşı. Özümü elə hiss edirəm ki, elə bil zaman dayanıb. Son vaxtlar biz təəssüf ki, aktyorlarımızı sağ ikən yox, ölümündən sonra qiymətləndiririk.

- Yeri gəlmişkən, "Planeta Parni iz Baku" KVN teatrının yubileyi Elçin Həmidovun xatirəsinə həsr ediləcək. İnsanların xatirəsində onun unudulmaz rolları əbədi yaşayacaq. O, necə insan idi?

- O, hər şeydən əvvəl əsl insan idi. Həyatda da peşəkar olan insana rast gəlmək çətindir. Bilmirəm, belə anlayış var, yoxsa yox, lakin mənim üçün hər şeydən əvvəl o, peşəkar insan idi, yəni həyata, dostluğa, varlı və kasıb, nazir və ya süpürgəçi olmasından asılı olmayaraq, ətrafdakılara öz səmimi münasibətilə seçilən insan idi. Elçin belə insan olub, sonradan isə istedadlı aktyora çevrildi. O, həmişə KİV səhifələrində deyirdi ki, məhz bizim teatrın sayəsində məşhurlaşıb. Mən bilirəm ki, onun uzun illər işlədiyi Musiqili Komediya Teatrında bu sözlərə həsəd aparacaqlar, tənqid edəcəklər, arxamca danışacaqlar, sonradan görüşəndə isə qucaqlayıb öpəcəklər, lakin fakt faktlığında qalır. Bu, Elçin Həmidovun sözləridir.

- Adətən, siz qarşıdakı konsertlərin təfərrüatlarını açıqlamağı xoşlamırsınız. Hər halda bu yubiley konsertidir. Bəlkə bir neçə kiçik sirri açasınız, hansı yeniliklərlə tamaşaçıları təəccübləndirəcəksiniz?

- Yaxşı, bir sürpriz. Adətən axırda parodiya nömrəsi olur, bu il də bu olacaq, lakin fantastika janrında.

- Bəs bu dəfə kim sizin təzyiqiniz altına düşəcək?

- Televiziya verilişlərində siyasi və ictimai xadimlərin parodiyası ölkədəki korrupsiyaya qarşı aparılan qızğın mübarizə ilə bağlı olacaq. Bu mövzuya məşhur "Məhəllə" səhnəsində də toxunulacaq. Estradamızın ulduzlarının parodiyasına gəldikdə, ilk dəfə olaraq bizim teatr bunu fantastika janrında, lakin yumor prizmasından göstərəcək.

- Nömrələrinizdə yadplanetlilər olacaq?

- Xeyr, biz sadəcə olaraq zamanı dəyişəcəyik. Əminəm ki, bu nömrə yaddaşlarda çox qalacaq. Hamını konsertdə gözləyirik.

- Siz həmişə cəmiyyətin ikiüzlülük, korrupsiya, qorxaqlıq, bacarıqsızlıq kimi qüsurlarını ələ salmısınız. Sizə elə gəlmir ki, teatrın fəaliyyəti cəmiyyətin sağalmasına öz-özlüyündə xidmət edir?

- Ola bilər. Mən bu sözləri təsdiq etsəm, bu, ədəbsizlik kimi çıxar. Qoy, bu barədə tamaşaçılar fikir yürütsün. Uzun illərdir biz Azərbaycana xidmət edirik və sonadək buna sadiq qalacağıq. Bilirsiniz, mən kompüterdən uzaq insanam və hətta onun necə işə salınmasını da bilmirəm...

- Hətta belə?

- Bəli. Mənə bu yaxınlarda dedilər ki, sənin müsahibələrindən sonra şərhlər olur, lakin bir dəfə də olsun onları oxumamışam. Ümid edirəm, bu dəfə uşaqlar mənə göstərərlər ki, haranı basmaq və haranı oxumaq lazımdır.

- Doğrudan, istifadəçilərin bəzi şərhləri xoş olmayan təəssürat oyadır, çünki ağızlarına gələni yazırlar. Elə təəssürat yaranır ki, belə şərhləri bu həyatda uğur qazana bilməyən və sadəcə olaraq digərlərinə həsəd aparan insanlar yazırlar.

- Müəyyən dərəcədə, bəli. İndiyədək bizə həsəd aparırlar və təhqir edirlər, səhnələrimizi mənasız adlandırırlar, lakin mən heç vaxt buna cavab vermirəm. Allah hər şeyi görür. Mən onlara və onların ailələrinə yalnız xoşbəxtlik arzulayıram.

- Lakin "bacarıqsızlıq" belə auditoriya toplaya bilməz.

- Əlbəttə. Biz bacarıqsızıqsa, onda bir neçə ildir konsertlərimizə gələn insanlar kimdir? Nəzərə almaq lazımdır ki, bu materialların hamısını düşmənlərimiz də oxuyurlar və bu ifadələrə sevinirlər. Mən həmişə hamıya deyirəm ki, öz iradlarını KİV vasitəsilə yox, üzə desinlər. Biz öz zəif tərəflərimizi göstərməməliyik.

- Lakin eyni zamanda hansısa problemlərə görə susmaq da olmaz. Əksinə, onları açıb göstərmək lazımdır ki, gələcəkdə təkrarlanmasın. Yeri gəlmişkən, bunu elə sizin teatr edir.

- Hansısa kollektiv və ya təşkilat cəmiyyətdə uğur qazanıbsa, onların mənfi tərəflərini üzlərinə demək lazımdır. Çünki biz Aydan düşməmişik. 20 il ölkəni beynəlxalq arenada təmsil etmişik. Bəs o vaxt nəyə görə bu təhqirlər yox idi? Əgər dünən əlimi sıxırdılarsa və deyirdilər ki, mənimlə fəxr edirlər, lakin bu gün həmin adamlar məni təhqir edir və arxamca danışırlar. Bu, əsl qorxaqlıqdır.

- Bəs səbəb nədir?

- Adi paxıllıq. Biz yaxınlarımızın, qonşu və dostlarımızın qələbəsinə sevinə bilmirik. Düzdür, dildə "əhsən" deyirik, amma ürəkdə hər şey başqa cürədir.

- Gəlin razılaşaq ki, hamı belə deyil.

- Razıyam.

- Ümumiyyətlə, bu teatr və artıq baş ağrısı nəyinizə lazımdır? Axı çıxışlarınıza görə solo karyera qura bilərdiniz. Deyək ki, estradamızda Zadornov tipli yumorist demək olar yoxdur.

- Bu barədə danışmaq artıq gecdir. Heç bir KVN-çi deyə bilməz ki, nəyəsə təkbaşına nail olub. Bu, komanda oyununun nəticəsidir. Məsələn, bizim idmanda uğurlar yalnız təkbaşına mübarizələrlə bağlıdır, yəni "üz-üzə". İdmanın komanda növlərində, məsələn, futbolda biz uğur qazana bilmirik.

- Niyə axı, məsələn, üç qadın voleybol komandamız beynəlxalq yarışların finalına çıxa bilib və onlardan biri "Azərreyl" Çelenc Kubokunun qalibi olub.

- Bu yeganə haldır. KVN üçün əmək, yumor və satiranın kollektiv növü yaxındır.

- Siz dəfələrlə qeyd etmisiniz ki, yumora gülmək yox, fikirləşmək də lazımdır. Yumorun başlıca fəlsəfəsi nədədir?

- ABŞ-da məhkəmə zamanı şahid əlini Bibliyanın üzərinə qoyur və deyir: "And içirəm ki, həqiqəti, yalnız həqiqəti və həqiqətdən başqa heç nəyi deməyəcəm". Bu prinsip bizə də aiddir. Biz insanların gündəlik həyatda danışdıqlarını deyirik ki, buna da yalnız rəngarənglik, dramatik xətt verərək yumoristik səhnələrə çeviririk.

- Sizin üçün 10 il azdır, yoxsa çox?

- Həyatın yarısı kimi.

- Bu gün sizin teatr ilə 10 il bundan əvvəlkinin arasında nə fərq var, nə dəyişib?

- Dil üslubu dəyişib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məsləhəti və təkidi ilə biz tədricən milli dilə keçdik. Düzünü desəm, çox ağır idi, çünki hamımız rusdilli idik. Azərbaycan dili çox zəngin, gözəl və mürəkkəbdir və sözün doğrusu, indiyədək onu öyrənirəm və bundan utanmıram.

- Lakin zaman öz düzəlişlərini edir.

- Şübhəsiz, Aleksandr Vasilyeviç Maslyakovun bizi öyrətdiyi prinsiplər heç vaxt dəyişmir. Bunlar güldürmək, həqiqəti demək, tənqid etmək və təhqir etməməkdir.

- Yeri gəlmişkən, bu il onun da yubileyidir - 70 yaşı tamam olacaq.

- Mütləq əziz və sevimli insanı təbrik edəcəyik.

- Çıxışlarınızdan sonra təhdid və təhqirlərlə tez-tez üzləşmisiniz?

- Bunların hamısı olub və hətta qardaşımla birlikdə çemodanı götürüb ölkədən getmək istəmişik.

- Bəs sizi nə dayandırdı?

- Teatrımızın ən çətin vaxtlarında yanımızda dövlət rəhbəri, çoxhörmətli İlham Heydər oğlu Əliyev olub. Onun çox gözəl ifadəsi var: "Mən hər bir azərbaycanlının Prezidentiyəm". O, bunu elə-belə deməyib, biz özümüz buna əmin olmuşuq. Dünyada heç də hər artist fəxr edə bilməz ki, həyatın ən çətin anlarında dövlət rəhbərindən dəstək və dayaq hiss edib. Bizdə isə bu olub və var. Və bu gün bizim KVN teatrımız, onun bütün cəsarətli sözləri, yaddaqalan səhnələri ölkədə dövlət rəhbəri tərəfindən yaradılan azadlıq və demokratiya sayəsində mümkün olub. Bizə məmurlar heç vaxt təzyiq göstərməyib və ümid edirəm ki, bundan sonra da bu olmayaacq. Bunu səmimi deyirəm. Təzyiq həmişə özlərini "ulduz" adlandıranlardan olub.

- Yaddaqalan çoxlu obrazlar - Eliş və Roşka, Ağanatiq, Sazoğlan, meyxanaçı, bağçılar... Onlardan hansı biri konsertdə tamaşaçıları yenidən sevindirəcək?

- Yubiley konserti öz-özlüyündə imtahan, yaradıcılıq fəaliyyətinin yekunları olacaq. Mütləq sevimli qəhrəmanlar olacaq, lakin yeni ampluada. Onlar arasında Ağanatiq və tamamilə yeni Şiraslan Gursəsli var. Vəssalam, daha təfərrüatların hamısını açıqlamayacağam.

- Hər halda açıqladınız. Və son sual. Neçə yaşınız var?

- Neçə verərsiniz?

- Təxminən 35.

- Təxminən elədir.

- Mən bunu nə üçün soruşuram. Bəhram Bağırzadə deyib ki, 40 yaşından sonra KVN-də oynamırlar. Deməli, teatrınızın beş il ömrü qalıb?

- Yox, axı mən dedim təxminən. Mən bütün bu deyimlərdən uzağam. Yalnız bizi Yaradan əvvəlcədən nəyin olacağını bilə bilər. Zaman hər şeyi öz yerinə qoyacaq. Lakin hazırda yalnız onu arzulayıram ki, kiçik radiom olsun və dinləyicilərlə danışım. İstək var, lakin imkan yoxdur. Bu, sponsorlara işarə deyil. Sadəcə olaraq sizinlə ürəkdən söhbət edirəm.

- Allah eləsin! Sizə uğurlar və çox sağ olun.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti