Bakı. Trend:
Təhsildə bir çox problemlər var və bu bizi narahat etməlidir. Bu günlərdə lisey və gimnaziyalara IV, V, VI siniflər üçün qəbul imtahanları ləğv olunması ilə bağlı qərar verildi. Yüzlərlə insan liseylərə qəbul üçün hazırlaşıb. Bu qərar 8 ay öncə qəbul olunsa idi, heç bir narazılıq yaratmazdı. Amma imtahana qısa müddət qalmış bunun ləğv olunması təhsil strategiyası ilə bağlı məsələlərə ciddi yanaşılmalı olduğunu göstərir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili xatırladıb ki, ictimai etirazlardan sonra qərar ləğv olundu.
“Bu cür eksperimentlərlə təhsilin bu vəziyyətə salınması arzuolunan deyil. Bu məsələlərdə ciddiliyi bir az artırmalıyıq. Bir çox sahələrdə verilən qərarlar fayda vermir. İndiki rəhbərlik səviyyəsində deyilir ki, burada olan səhvlər 20 ildən əvvəlki rəhbərlərin səhvi idi. 20 ildən sonra təhsil tam sıradan çıxandan sonra biri çıxıb deyəcək ki, bu, 20 ilin öncəki səhvlərdir. Ona görə də qərar verərkən ciddi düşünməliyik”, - deyə deputat qeyd edib.