Bakı. Trend:
Milli Məclis Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi ratifikasiya edib.
Trend xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb. Sazişin əsas məqsədi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirərək vətəndaşların qarşılıqlı səfərlərinin hüquqi əsaslarla sadələşdirilməsi yolu ilə humanitar və diplomatik əlaqələrin genişləndirilməsidir.
Sazişə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər.
Saziş yalnız qısa müddətli səfərləri əhatə edir. Qarşı tərəfin ərazisində 30 gündən artıq qalmaq, yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq, təhsil almaq, media və digər icazə tələb edən sahələrdə fəaliyyət göstərmək üçün vətəndaşlar əvvəlcədən viza və müvafiq icazə almalıdırlar.
Tərəflərə milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlıq səbəblərinə əsasən Sazişin icrasını tam və ya qismən, müvəqqəti olaraq dayandırmaq hüququ verilir. Bu barədə digər tərəf diplomatik kanallarla məlumatlandırılmalıdır.