...

Gələcəyə yönəlmiş strateji addım - Laçın Beynəlxalq Hava Limanı hansı üstünlükləri vəd edir?

Turizm Materials 30 May 2025 11:00 (UTC +04:00)
Gələcəyə yönəlmiş strateji addım - Laçın Beynəlxalq Hava Limanı hansı üstünlükləri vəd edir?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Simvolik bir tarixdə - 28 May – Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü baxımından mühüm bir hadisə kimi qiymətləndirilir. Bu hava limanının fəaliyyətə başlaması təkcə logistik və nəqliyyat baxımından deyil, həm də bölgənin iqtisadi və turizm potensialının canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Laçın kimi strateji bir bölgədə beynəlxalq standartlara cavab verən hava limanının istifadəyə verilməsinin bir neçə mühüm nəticəyə səbəb olacağı gözlənilir. Belə ki, sözügedən hava limanı bölgəyə sərmayə axınını sürətləndirməsi, yeni iş yerlərinin yaradılması və yerli əhalinin rifahına töhfə verə bilməsi baxımından mühüm rola malikdir. Eyni zamanda, Qarabağın zəngin təbiəti, tarixi abidələri və mədəni irsi turistlər üçün cəlbedici bir məkan yaradır. Bu baxımdan, hesab edilir ki, hava nəqliyyatı vasitəsilə bölgəyə daha asan çıxış imkanı turizm sektoruna yeni nəfəs gətirəcək.

İqtisadçıların fikrincə, Laçın kimi dağlıq bir bölgədə istifadəyə verilmiş yeni hava limanı xüsusilə qış aylarında alternativ və təhlükəsiz bir nəqliyyat imkanı yaradır. Onlar hesab edirlər ki, regional inteqrasiya baxımından da bu hava limanı Azərbaycanın digər bölgələri ilə Laçın arasında əlaqələri gücləndirə, eyni zamanda, beynəlxalq daşımalar üçün yeni imkanlar yarada bilər.

İqtisadçı ekspert Eldəniz Əmirov Trend-ə açıqlamasında deyib ki, istənilən bölgədə yaradılmış istənilən təyinatlı fəaliyyət sahəsi həmin bölgənin iqtisadi aktivliyinə müsbət təsir göstərir.

O vurğulayıb ki, hətta hərbi təyinatlı obyektlər belə yerləşdiyi bölgənin iqtisadi aktivliyinə səbəb olur:

“Bu baxımdan, Laçında istifadəyə verilmiş hava limanı məhz təkcə Laçının deyil, eyni zamanda, Kəlbəcər və ətraf ərazilərin logistik imkanlarını artıracaq, ticarət axınını inkişaf etdirəcək, həmçinin, yük və sərnişindaşıma sahəsində qovşağa çevrilməsinə imkan verəcək. Bununla yanaşı, yeni hava limanı turizm və xidmət sektorunun inkişafına böyük faydaları özündə ehtiva edəcək. Əlavə olaraq, bu, birbaşa və dolayı yolla kiçik və orta biznes subyektlərin ayrı-ayrı sektorlar üzrə inkişafına gətirib çıxaracaq”.

İqtisadçı qeyd edib ki, bu tip hava limanları bölgələrdə məşğulluğun artırılmasına xidmət göstərir.

“Laçın Beynəlxalq Hava Limanının daha bir müsbət tərəfi bölgənin investisiya mühitinin daha da yaxşılaşdırılmasına imkan verməsi imkanlarıdır. Çünki nəqliyyat-logistika imkanları investorların qiymətləndirdikləri əsas faktorlardan biridir”, - deyə E.Əmirov fikirlərini yekunlaşdırıb.

Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Belə ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.

Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanının Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacağı bildirilir.

Milli Məclisin deputatı Vüqar Bayramov Trend-ə açıqlamasında deyib ki, Laçın Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə strateji əhəmiyyəti ilə yanaşı, iqtisadi üstünlüklərə də malik olacaq.

Deputatın sözlərinə görə, Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib:

“Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi.

Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan yaradır”.

“Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Şərqi Zəngəzur ən qədim insan məskənlərindən biri hesab olunur və bu da son dekadalar məşhur olan tarixi turizmin inkişafını stimullaşdırır. Bu baxımdan, həmin rayonlarımıza kifayət qədər çoxlu sayda turistlərin gələcəyi gözlənilir və bu da strateji əhəmiyyət daşıyan Laçın hava limanının rentabelli işləməsinə şərait yaradacaq.

İstifadəyə verilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır”, - deyə V. Bayramov vurğulayıb.

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov isə Trend-ə açıqlamasında bildirib ki, artıq Azərbaycanın azad olunmuş ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda 3 beynəlxalq hava limanının olması, əslində, strateji olaraq həmin bölgənin gələcəkdə təhlükəsizliyinin təminatı deməkdir.

Sədr, həmçinin, istifadəyə verilmiş yeni hava limanının bölgənin turizm imkanlarının daha əlverişli, rahat və əlçatanlılığının artırılması baxımından üstünlüklərini sadalayıb:

“Sözügedən bölgədə təkcə beynəlxalq hava limanları yox, paralel olaraq turizm infrastrukturu da yaradılır. Azad edilmiş ərazilərimizdə istirahət komplekslərinin yaradılması, kanat yollarının çəkilməsi bölgənin turizm potensialının artırılmasına və daha çox turist cəlbinə səbəb olacaq. Həmin ərazilərdə təhlükəsizlik məsələləri daha çox öz həllini tapdıqca orada daha çox vətəndaş məskunlaşacaq. Bu da öz növbəsində ərazidə iqtisadi mühiti aktivləşdirəcək və nəticədə həmin istiqamətdə istər dost-qohum ziyarətləri, istərsə də beynəlxalq, eləcə də ölkədaxili turistlərin səfərləri genişlənəcək”.

“Beynəlxalq hava limanlarının olması əraziyə daha rahat, əlverişli səfər imkanları yaradır. Laçın və ətraf rayonların relyefi, coğrafi imkanlarını nəzərə alaraq yaradılmış nəqliyyat-infrastruktur imkanları bölgənin turizm potensialında canlılığa gətirib çıxarır”, - C.Aşurov fikirlərini yekunlaşdırıb.

Beləliklə, Laçın Beynəlxalq Hava Limanının açılışı təkcə bir infrastruktur layihəsi deyil, eyni zamanda gələcəyə yönəlmiş strateji bir addım kimi dəyərləndirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti